Advertisement

COP29 Azərbaycanda və ondan kənarda təmiz enerjiyə keçiddə dönüş nöqtəsi ola bilər – Fatih Birol (Özəl müsahibə)

Bakı. Trend:

COP29 Azərbaycanda və onun hüdudlarından kənarda təmiz enerjiyə
keçiddə dönüş nöqtəsi ola bilər.

Bunu Trend-ə özəl müsahibəsində Beynəlxalq Enerji Agentliyinin
(BEA) icraçı direktoru Fatih Birol deyib.

“Uzun illərdir ki, Azərbaycanla Avropa arasında yaxşı,
qarşılıqlı faydalı əlaqələr mövcuddur. Azərbaycan Cənub Qaz Dəhlizi
vasitəsilə enerji resurslarını tədarük etməklə artıq Avropa üçün
etibarlı enerji tərəfdaşı olduğunu sübut edib. Ölkə həm külək, həm
də günəş enerjisi sahəsində də böyük potensiala malikdir. Hökumət
bu istiqamətdə addımlar atır və bərpa olunan enerji potensialını
maksimum dərəcədə artırmaq üçün yaxşı planlara malikdir. Günəş
enerjisi sahəsində hərracın elan edilməsi bu istiqamətdə gözəl
nümunədir”, – deyə o bildirib

Birol hesab edir ki, bu planlar reallaşarsa, Azərbaycan təmiz
enerji sahəsində də Avropa üçün yaxşı tərəfdaş ola bilər.

“Bununla bağlı çox parlaq nümunələr var, o cümlədən Qara dənizin
dibi ilə kabel çəkilişi layihəsi. Təbii qaza əsaslanan mövcud
enerji tərəfdaşlığı ilə yanaşı, bərpa olunan enerji Avropanın və
bütün dünyanın ehtiyac duyduğu mühüm komponentə çevrilə bilər və
Azərbaycanın bu sahədə çox yaxşı potensialı var. Avropanın yaşıl
keçidi təmiz enerjiyə, yəni günəş enerjisi, külək enerjisi, enerji
səmərəliliyi, həmçinin bəzi ölkələrdə yaşıl hidrogen və nüvə
enerjisinə əsaslanır. Azərbaycan artıq təmiz enerji sahəsində
müəyyən addımlar atıb, lakin bu, ölkənin malik olduğu ümumi
potensialın yalnız bir neçə faizini təşkil edir. Ona görə də mən
həqiqətən ümid edirəm ki, bu potensial, ilk növbədə, Azərbaycanın
daxili bazarında tam olmasa da, böyük ölçüdə istifadə olunacaqdır”,
– deyə BEA-nın icraçı direktoru bildirib.

Bundan əlavə, Birolun qeyd etdiyi kimi, potensial o qədər
böyükdür ki, Azərbaycan, müxtəlif yollarla Avropaya yaxşı ixrac
mənbəyinə çevrilə bilər.

“Mən həmçinin hesab edirəm ki, Azərbaycan ölkə daxilində enerji
səmərəliliyinin artırılmasına diqqət yetirməlidir. Burada böyük
potensial var. Bu baxımdan, COP29 təkcə regional və beynəlxalq
səviyyədə deyil, həm də yerli səviyyədə dönüş nöqtəsi ola bilər.
Ötən il Azərbaycan qazının Avropaya ixracı təqribən 12 milyard
kubmetr təşkil edib və bu, Avropaya qaz idxalını şaxələndirməyə
kömək edən mühüm həcmdir. COP-un iclasları bütün dünyada keçirilən
beynəlxalq sammitlərdir. COP-un bir neçə iclasında iştirak etmək
imkanım oldu. COP29 ilə bağlı mənim Azərbaycanın sədrliyindən bir
sıra gözləntilərim var. Birincisi, bərpa olunan enerji, enerji
səmərəliliyi, metan emissiyalarının azaldılması üzrə COP28-in yaxşı
nəticələrini gücləndirmək. İkincisi, ümid edirəm ki, bütün dünyada
təmiz enerjiyə keçid üçün çox vacib bir mövzu, yəni təmiz enerji
keçidinin maliyyələşdirilməsi diqqət mərkəzində olacaq. Ölkələr
qarşıdakı illərdə emissiyaları azaltmaq üçün yeni öhdəliklər
götürməyə hazırlaşır. Ümid edirəm ki, Azərbaycanın sədrliyi buna
yaxşı zəmin yaradacaq”, – deyə o bildirib.

Bundan əlavə, BEA-nın icraçı direktoru hesab edir ki, Azərbaycan
yaşıl keçid sahəsində lider ola bilər.

“Region ölkələri metan emissiyalarının azaldılması və enerji
səmərəliliyinin artırılması sahələrində böyük fayda əldə edə
bilərlər, çünki onların regionda enerji səmərəliliyi göstəriciləri
beynəlxalq göstəricilərdən aşağıdır. Ümid edirəm ki, Azərbaycan
bayaq qeyd etdiyim beynəlxalq aspektlərlə yanaşı, bu iki regional
aspekti də nəzərdən keçirəcək”, – deyə Fatih Birol bildirib.

Birol qeyd edib ki, Azərbaycan neft-qaz ölkəsidir və bu ölkə,
həm də yaşıl enerji sahəsində lider olmaq və aparıcı rol oynamaq
istəyir, çünki ölkənin bunun üçün potensialı var.

“Azərbaycan bütün dünyada iqlim dəyişikliyi ilə mübarizəyə mühüm
töhfə verməklə təmiz enerjiyə keçidini dəstəkləmək üçün addımlar
ata biləcək. Azərbaycanın regionda öz liderliyini nümayiş etdirmək
üçün çox böyük imkanı var. Azərbaycan hökumətinin nümayəndələri, o
cümlədən COP29-un prezidenti və onun həmkarları, xarici işlər və
iqtisadiyyat nazirləri ilə müzakirələrdə gördüm ki, onlar öz
işlərini mükəmməl şəkildə yerinə yetirmək əzmindədirlər”, – deyə
Birol bildirib.

O, BEA-nın COP28-in uğurla keçirilməsi üçün Birləşmiş Ərəb
Əmirliklərinə dəstək verdiyi kimi, Azərbaycana da dəstək verməyə
hazır olduğunu vurğulayıb.

“Mən Azərbaycan hökumətindən olan həmkarlarımıza dedim ki, biz
Azərbaycanın sədrliyini hərtərəfli dəstəkləməyə hazırıq. Birincisi,
mayın 15-də burada, Parisdə bir sıra hökumətlərin, beynəlxalq
təşkilatların nümayəndələrinin iştirakı ilə Bakıda keçiriləcək
COP29-da yaxşı nəticələr əldə etməyin yollarını müzakirə etmək üçün
yüksək səviyyəli dialoq təşkil edəcəyik. Bu iclasa Azərbaycanın
ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və mən sədrlik
edəcəyik. Dünyanın hər yerindən hökumət nümayəndələri bu görüşdə
iştirak edəcəklər”, – deyə o bildirib.

İkincisi, Birolun qeyd etdiyi kimi, Azərbaycan hökuməti
maliyyədən tutmuş metan emissiyalarının azaldılmasına, səmərəlilik
və bərpa olunan enerjiyə qədər müxtəlif məsələlər üzərində
işləyir.

“Biz COP28 zamanı etdiyimiz kimi Azərbaycanı dəstəkləmək,
məsləhətlər vermək və töhfə vermək üçün Azərbaycan hökuməti ilə çox
sıx işləmək niyyətindəyik. Azərbaycandan sonra Braziliyada COP-un
növbəti iclası olacaq. Mən artıq Braziliyaya səfər etmişəm, orada
prezident Luiz İnasio Lula da Silva ilə müzakirələr aparmışam.
Konkret addımları ətraflı müzakirə etmək üçün tezliklə Bakıya
gələcəm. Artıq dediyim kimi, Beynəlxalq Enerji Agentliyi
Azərbaycana hərtərəfli dəstək verməyə hazırdır”, – deyə o
bildirib.

Birol qeyd edib ki, onun Bakıya səfəri Parisdəki görüşdən sonra
baş tutacaq.

“Mən artıq burada, Parisdəki qərargahda Azərbaycan hökumətinin
bir neçə nümayəndəsini qəbul etmişəm, lakin nazir Babayevlə ilk
görüş mayın 15-də baş tutacaq. Bundan sonra BƏƏ-də olduğu kimi
uğurlu görüşün keçirilməsi üçün atılmalı olan konkret addımları
ətraflı müzakirə etmək üçün Bakıya gələcəm”, – deyə BEA-nın icraçı
direktoru bildirib.

X:
@Lyaman_Zeyn