Advertisement

Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə nümunə göstərməlidir – COP29 prezidenti

Bakı. Trend:

Azərbaycan başa düşür ki, o, iqlim dəyişikliyi ilə mübarizədə
nümunə göstərməlidir və bununla bağlı tədbirlər milli inkişaf
planının mərkəzi hissəsinə çevriləcək.

Trend xəbər verir ki, bunu
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un
prezidenti Muxtar Babayev bu gün Berlində keçirilən 15-ci
Petersberq İqlim Dialoqu çərçivəsində deyib.

O qeyd edib ki, Azərbaycan qlobal istiləşmənin 1,5 dərəcə Selsi
səviyyəsinə qədər məhdudlaşdırılması məqsədinə nail olmaq üçün səy
göstərir.

“Lakin emissiyaları azaltsaq da, hər kəs hələ də temperaturun
qalxdığı planetə uyğunlaşmalıdır. Gələn il hamımız milli uyğunlaşma
planları hazırlamalıyıq ki, 2030-cu ilə qədər onlara nail olmaq
yolunda sürətli irəliləyiş əldə edə bilək. Bu planlar bizim ən
yaxşı təcrübələri, texnologiyaları necə paylaşacağımızı və
bir-birimizin səylərini necə dəstəklədiyimizi müəyyən edəcək”, –
Muxtar Babayev əlavə edib.

Onun sözlərinə görə, mühüm məsələlərdən biri də iqlim
dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirlərinin
qalmasıdır.

“Kənd təsərrüfatında məhsuldarlıq azalır və bu, əhalinin artdığı
planetin qidalanmasını çətinləşdirir. Azərbaycanda işçi qüvvəsinin
üçdə birindən çoxu kənd təsərrüfatında çalışır. İndi biz su qıtlığı
və torpaqların deqradasiyası riski ilə üz-üzəyik. Dünyada təxminən
4 milyard insan bu problemlərlə üzləşir. Keçən il bir çox ölkələr
qida sistemlərini dəyişdirməyi öhdələrinə götürdülər. Bu,
fermerləri və qida sistemlərini qlobal istiləşmənin mənfi
təsirlərindən qorumaq üçün lazımdır”, – Babayev vurğulayıb.