
Bakı. Trend:
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (BDTL) 15-20 il ərzində
tullantıları sıfıra endirməyi planlaşdırır.
Trend xəbər
verir ki, bu barədə limanın icraçı direktoru Yucin Si “Euronews”a
deyib.
“Biz bu yaxında karbon izinin ölçülməsini başa çatdırmışıq. Bu,
karbon dioksid tullantılarının təqribən 60 faizinin gəmilərin
payına düşdüyünə dair şübhələrimizi təsdiqlədi. Həmçinin, liman
ərazisindəki nəqliyyat vasitələri və avadanlığın tullantıları var.
Bu tədqiqatlar tullantıların azaldılması üzrə strateji planı
konkretləşdirməyə kömək edəcək. Ola bilsin ki, təqribən 15-20 il
sonra “Net Zero”, yəni sıfır tullantı səviyyəsinə çataq”, – Yucin
Si deyib.
Onun sözlərinə görə, BDTL regionda “yaşıl” prosedurların və
karbon emissiyasının azaldılması üçün iş proseslərinin tətbiqi ilə
bağlı digər limanlar üçün nümunə olmaq istəyir.
BDTL ətraf mühitin mühafizəsi üzrə addımlar qismində çirkab
sularının təmizlənməsi üzrə tədbirlər həyata keçirir.
“Çirkab sularının təmizlənməsi sistemimiz fırlanan bioloji
kontaktor (RBC) texnologiyasından istifadə edən beş moduldan
ibarətdir. Hər bir modul sutkada 500 kubmetr çirkab suyunu
təmizləməyə qadirdir”, – Yucin Si deyib.
Qeyd edək ki, BDTL Xəzər dənizində BMT-nin profil
strukturlarından müvafiq sənədlər əldə etmiş yeganə “yaşıl
liman”dır.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























