
Bakı. Trend:
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncə və
gəncəlilər” layihəsi çərçivəsində Xalq artisti Fikrət Verdiyevin
əziz xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib.
Trend xəbər verir ki, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının
müşayiəti ilə Xalq artistləri Niyaməddin Musayev, Samir Cəfərov,
Əməkdar artistlər Ehtiram Hüseynov, Sevinc Sarıyeva, Əməkdar
mədəniyyət işçisi Mehparə Cəfərova, Bakıdan dəvət olunmuş gənc
ifaçılar Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Anar
Quliyev, Humay Qədimova, solistlər Samir Məmmədov, Leyla Mehdiyeva,
Çinarə İsgəndərova, Şirvan Cahangirov, Rövşən Məmmədov çıxış
ediblər.
Gecədə “Zabul segah”, “Bayatı şiraz”, “Mahur təsnifi”, “Dilkeş
təsnifi”, “Segah təsnifi”, xalq mahnıları səsləndirilib. Sahil
Quliyevin bədii rəhbərliyi, baletmeyster Sənan Cavadovun quruluşu
ilə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının çıxışları hərarətlə
qarşılanıb.
Gecədə Fikrət Verdiyevin həyat və yaradıcılığından bəhs edən
film, Xalq artisti haqqında deyilən fikirlərlə bağlı videoroliklər
nümayiş etdirilib.
Fikrət Verdiyevin əziz xatirəsinə həsr olunmuş gecədə onun ailə
üzvləri, Gəncə ziyalıları, mədəniyyət və incəsənət xadimləri
iştirak ediblər.
Qeyd edək ki, gecənin quruluşçu rejissoru Əməkdar incəsənət
xadimi Hafiz Quliyev, aparıcısı Əməkdar artist Firdovsi Atakişiyev
idi.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az,
Azernews.Az





























