Advertisement

“Peyvəndlərlə əlaqədar doğru bildiyimiz yanlışlar” mövzusunda seminar keçirilib (FOTO)

Bakı. Trend:

25 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris
Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə
“Beynəlxalq İmmunlaşdırma Həftəsi”nə həsr edilmiş “Peyvənd həyat
qurtarır” şüarı altında “Peyvəndlərlə əlaqədar doğru bildiyimiz
yanlışlar” mövzusunda seminar keçirilib.

Seminarın açılış hissəsində Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d.,
dosent İsmayıl Əfəndiyev, Azərbaycan Könüllü Təşkilatları
İttifaqının Baş katibi Vüqar Əliyev və Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin Sosial
Layihələr və Motivasiya şöbəsinin inspektoru Fidan Salixova çıxış
ediblər.

Rəis müavini İsmayıl Əfəndiyev Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar
həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədovun və öz adından
tədbir iştirakçılarını salamlayıb, bugünkü seminarın vaksinasiyaya
və peyvəndlərə dair aktual məsələlərə həsr olunduğunu bildirib. O,
müxtəlif dövrlərdə insanların müxtəlif xəstəliklərə qarşı
vaksinasiyasından danışaraq, qeyd edib ki, hələ ötən əsrin 60-70-ci
illərində uşaqlara təbii çiçək xəstəliyinə qarşı peyvəndlər
vurulurdu. Təbii çiçək xəstəliyindən minlərlə, milyonlarla insanlar
dünyasını dəyişirdi. Artıq o xəstəlik yoxdur və o virus dünyanın
bir neçə laboratoriyasında yaşayır.

İsmayıl Əfəndiyev insanların ölümünə səbəb olan ağır
xəstəliklərdən biri olan poliomielit və qızılca xəstəliklərindən
danışıb, Azərbaycanda da bu xəstəliyin əsas səbəblərindən biri kimi
uşaqların vaxtında vaksinasiya edilməməsini göstərib. O, çıxışında
COVİD-19 pandemiyası dövründə də vaksinasiyanın əhəmiyyətindən
danışaraq, məhz peyvəndlənmədən sonra insanların bu xəstəliyə qarşı
immunitetlərinin möhkəmləndiyini və daha yüngül keçirməsini
vurğulayıb. O, həmçinin, hazırda qrip xəstəliyinə qarşı da
peyvəndlərin əhəmiyyətini qeyd edib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnsan
Resursları İdarəsinin Sosial Layihələr və Motivasiya şöbəsinin
inspektoru Fidan Salixova tədbir iştirakçılarını salamlayaraq,
seminarda müzakirə olunan mövzuların hər bir iştirakçı üçün maraqlı
və yaddaqalan olacağına əminliyini bildirib.
Fidan Salıxova deyib: “Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin 1 fevral 2019-cu il tarixli Bakı Konqres Mərkəzində
Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında
bütün dövlət təşkilatlarına könüllüləri cəlb etmək, onların dövlət
qurumlarında, nazirliklərdə təcrübə keçməsi üçün çağırış etmiş,
bununla bağlı öz tövsiyələrini vermişdir. Möhtərəm cənab
prezidentimizin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, gömrük
sistemində gənclərin potensialından daha səmərəli istifadə etmək,
onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq,
cəmiyyətin bütün sahələrində gənclərin aktiv fəaliyyətinə şərait
yaratmaq, onların yaradıcı və innovativ potensialını üzə çıxarmaq
və inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi sistemində könüllülük hərəkatının inkişafı ilə bağlı
tədbirlər haqqında 6 mart 2019-cu il tarixli Sərəncam imzalanmış və
həmin Sərəncama müvafiq olaraq qurumumuzda könüllü gömrükçülər
dəstəsi yaradılmışdır. O dövrdən də qurumda 1979 nəfər könüllülər
dəstəsinə cəlb olunmuşdur, fəaliyyətini uğurla başa vurmuş 1463
könüllüyə qurumumuz tərəfindən sertifikatlat verilmişdir”.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının Baş katibi Vüqar
Əliyev seminarın əhəmiyyətindən danışaraq, bu cür tədbirlərin
gənclərin maarifləndirilməsində böyük töhfə olduğunu deyib. O,
bildirib ki, Azərbaycanda könüllülər hərəkatı 2019-cu ildən vüsət
almışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev
gənclərlə görüşündə demişdir ki, Azərbaycanda ümumiyyətlə
könüllülük fəaliyyəti bizə əcdadlarımızdan, dədə-babalarımızdan
gəlib çatan bir mirasdır. Azərbaycan könüllüləri Azərbaycan
xalqının ətrafında birləşərək, pandemiya dövründə uğurla fəaliyyət
göstərmiş, daha sonra Vətən müharibəsində yaxından iştirak
etmişlər, canları-qanları bahasına torpaqlarımızın azad olunmasında
birbaşa ön cəbhədə döyüşmüşlər. Vüqar Əliyev tədbirdə iştirak edən
gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadənin
moderatorluğu ilə keçirilən seminarda peyvəndlərlə qarşısı alına
bilən xəstəliklər, peyvəndləmənin vacibliyi, o cümlədən
peyvəndlərlə bağlı miflər barədə Mərkəzi Gömrük Hospitalının
infeksionisti Mədinə Abdullayeva “Peyvəndlərlə əlaqədar doğru
bildiyimiz yanlışlar” mövzusunda təqdimatla çıxış edib. Təqdimatın
sonunda gənclər tərəfindən verilən suallar cavablandırılıb. Seminar
xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, seminara paralel olaraq ərkəzi Gömrük Hospitalının
facebook səhifəsi üzərindən və distant şəkildə zoom platformasından
canlı yayımlanıb. Naxçıvan Baş Gömrük İdarəsinin müvafiq struktur
bölmələrində fəaliyyət göstərən könüllü gömrükçülərin də qoşulduğu
zoom platformasında ümulikdə 200 nəfər gənc seminarı izləyib.
Seminarda iştirak edərək proqramı tamamlayan gənclərə sertifikatlar
verilib.