Advertisement

Kreml sülh sazişinin imzalanması üçün Bakı-İrəvan təmaslarının tərəfdarıdır

Bakı. Trend:

Rusiya mübahisəli bütün məsələlərin tənzimlənməsi və sülh
sazişinin imzalanması üçün Azərbaycan və Ermənistan arasında
təmasların davam etdirilməsinin tərəfdarıdır.

Trend xəbər
verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri
Peskov jurnalistlərə deyib.

“Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin
tərəfdarıyıq və hesab edirik ki, bu, tezliklə sülh sazişi imzalamaq
məqsədilə ümumi gərginliyin azalması və gündəmdə duran bütün
mübahisəli məsələlərin yekun tənzimlənməsi üçün lazımdır”, – Kreml
nümayəndəsi deyib.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə
Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan
Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan
Respublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə
edilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə
Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları
ərazidə geodeziya ölçmələri əsasında koordinatların
dəqiqləşdirilməsi prosesinə başlayıblar.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı
sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində
aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 26-dək 28
sərhəd dirəyi quraşdırılıb.