Advertisement

“Yaşıl sukuk” buraxılışını tezləşdirməyə kəskin ehtiyc var – Əl-Casir

Ər-Riyad. Trend:

“Yaşıl sukuk” buraxılışını tezləşdirməyə kəskin ehtiyac var.

Trend xəbər
verir ki, bu barədə İslam İnkişaf Bankı (İİB) qrupunun prezidenti
Məhəmməd Süleyman Əl-Casir İİB Qrupunun Ər-Riyadda keçirilən illik
müşavirələri çərçivəsində keçirilən “yaşıl” və dayanıqlı sukuk
vasitəsilə iqlim maliyyələşdirilməsinin sürətləndirilməsi üzrə
panel müzakirəsində çıxışında deyib.

Sukuk şəriət ölkələrində yayılmış və istiqrazların bir növ
islami ekvivalenti olan maliyyə sənədidir.

“Dünya Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün
maliyyələşdirmə defisiti ilə mübarizə aparmağa davam edir. Bu
boşluğu doldurmağa kömək etmək üçün innovativ maliyyə vasitələrinin
istifadəsi və səfərbər edilməsi lazımdır. İİB nöqteyi-nəzərindən,
bizim fikrimizcə, DİM üçün maliyyə artımının səfərbər edilməsi
məqsədilə xüsusən “yaşıl” və dayanıqlı sukukların buraxılışını
sürətləndirmək lazımdır”, – deyə o vurğulayıb.

Əl-Casir qeyd edib ki, İİB iddialı olaraq 2025-ci ilədək iqlim
dəyişikliyi ilə 35 faiz səviyyəsində mübarizənin
maliyyələşdirilməsini məqsəd olaraq təyin edib.

“Yaxşı xəbər ondan ibarətdir ki, biz artıq bu hədəfi iki illik
ötmüşük. Ekoloji və dayanıqlı sukuk dünya səviyyəsində qəbul
edilmiş Beynəlxalq Kapital Bazarları Assosiasiyası (ICMA)
prinsiplərinə tamamilə uyğundur. Bu, ICMA və London Fond Birjası
ilə birgə buraxdığımız dayanıqlı sukuk üzrə prinsiplərlə
təsdiqlənib. Bu prinsipləri hazırlamaq üçün bu yaxında keçirilən
COP28 konfransında səylərimizi birləşdirdik. Məqsəd “yaşıl”, sosial
və dayanıqlı sukuk olaraq müəyyən edilən sukuk vasitələrini
demistifikasiya etməkdən və onların ICMA prinsiplərinə uyğunluğunu
nümayiş etdirməkdən ibarətdir”, – deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə
Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının
Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam
İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi
keçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyər
verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və
tərəqqi”dir. Bu görüşlər Bankın üzv ölkələrdə sosial-iqtisadi
inkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini əks
etdirir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin
iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi
planlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı
çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq
və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər
hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və
vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı
ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və
maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə
institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,
milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və
regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye
palataları və biznes şuralarının nümayəndələri iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun