Advertisement

COP29-un Azərbaycanda keçirilməsi “yaşıl enerji” istehsalına xarici sərmayələrin axınına geniş imkanlar açacaq – ŞƏRH

Bakı. Trend:

Azərbaycan artıq dünyada beynəlxalq tədbirlərin uğurla
keçirildiyi bir məkan kimi tanınır.

Bunu Trend-ə açıqlamasında iqtisad elmləri doktoru,
professor Fikrət Yusifov deyib.

O bildirib ki, son onillikdə ölkəmizin paytaxtında keçirilmiş
beynəlxalq tədbirlərin sırasına nəzər salsaq, maraqlı bir
mənzərənin şahidi olarıq.

“Belə tədbirlərin ölkəmizdə, onun paytaxtı Bakı şəhərində
keçirilməsi bizə nə verir? Azərbaycan bu platformalardan məharətlə
yararlanaraq, ilk növbədə, öz həqiqətlərini bütün dünyaya çatdıra
bilir. Bu tədbirlər vasitəsilə apardığımız təbliğatla bizə düşmən
mövqedə olan qüvvələrin dünyanın ayrı-ayrı yerlərində ölkəmiz,
xalqımız barəsində yaratmaq istədikləri neqativ fikirlər alt-üst
edilir – buraya gələn insanlar Azərbaycanı və azərbaycanlıları daha
yaxından tanıdıqdan sonra, yanlış təbliğatlar vasitəsilə onlara
aşılanmış neqativ baxışlar pozitiv baxışlarla əvəzlənir.

Belə tədbirlərin keçirilməsindən sonra geriyə qayıdan insanlar
öz ölkələrində əhatələrində olanlara Azərbaycan və azərbaycanlılar
barəsində gerçəkləri çatdıraraq, ölkəmiz və millətimiz haqqında
müsbət fikirlər formalaşdırırlar”.

Ekspertin sözlərinə görə, son 20 ildə bu platformalardan
istifadə edərək, Azərbaycan Qarabağ həqiqətlərini bütün dünyaya
çatdırdı.

“Erməni vəhşiliyinin bütün dünyaya çılpaqlığı ilə
çatdırılmasında ölkəmizdə keçirilən tədbirlərin rolu az olmadı. Bu
illər ərzində keçirilən beynəlxalq tədbirlərin xətti ilə bura gələn
hər kəs bu münaqişədə kimin haqlı, kimin haqsız və işğalçı olduğuna
inanıb geri dönürdü. Biz bu gün də dünyanın ən nüfuzlu tədbirlərini
ölkəmizdə məmuniyyətlə keçiririk.

Bu ilin sonunda COP29 kimi böyük bir tədbirin burada keçirilməsi
o deməkdir ki, tədbirin keçirildiyi günlərdə bütün dünyanın gözü
Azərbaycanda və onun paytaxtı Bakıda olacaq. Torpaqlarımızın
işğaldan tam azad edildiyi indiki dönəmdə belə bir nəhəng tədbirin
Azərbaycanda keçirilməsinin siyasi dvidendləri yetərincə böyükdür.
Bu forumun Azərbaycanda keçirilməsi, eyni zamanda, Azərbaycanda
yaşıl enerji istehsalına xarici sərmayələrin axınına geniş imkanlar
açacaq”, – deyə o qeyd edib.