Advertisement

Azərbaycan Ombudsmanı Qətərin Milli İnsan Hüquqları Komissiyasının sədri ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva Qətər Dövlətinin Milli İnsan Hüquqları
Komissiyasının sədri Məryəm bin Abdullah əl Attiyah ilə görüş
keçirib.

Görüş zamanı Ombudsman mandatı, insan hüquq və azadlıqlarının
təmini və müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə
ətraflı məlumat verib.

Beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verildiyini qeyd edən
Müvəkkil bir sıra beynəlxalq qurumlarla, eləcə də xarici ombudsman
və milli insan hüquqları institutları ilə sıx əməkdaşlığın mövcud
olduğunu, anlaşma memorandumlarının imzalandığını və qarşılıqlı
əlaqələrin inkişaf etdirildiyini bildirib.

S.Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş
dəyişikliklərdən bəhs edərək, əlilliyi olan şəxslərin və uşaq
hüquqlarının müdafiəsi, bərabərlik hüququnun təmin olunması,
ayrı-seçkiliyin qarşısının alınması, informasiya əldə etmək
hüququnun təmini və digər sahələrdə mandatının genişləndiyini qeyd
edib.

Milli Preventiv Mexanizm fəaliyyəti barədə də məlumat verən
Müvəkkil əvvəlcədən xəbərdarlıq etmədən şəxslərin öz iradəsi ilə
tərk edə bilmədiyi yerlərə başçəkmələrin keçirildiyini, rəftar və
saxlanma şəraitinin araşdırıldığını, verilmiş tövsiyələrin
icrasının nəzarətdə saxlanıldığını qonağın diqqətinə çatdırıb.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətindən
danışan Ombudsman Birinci Qarabağ müharibəsində 4000-ə yaxın
vətəndaşımızın itkin düşdüyünü, onların taleyi ilə bağlı hələ də
məlumat əldə olunmadığını bildirib.

İşğal dövründə Ermənistanın ərazilərimizdə həyata keçirdiyi mina
terrorundan bəhs edən Müvəkkil mina probleminin vətəndaşların həyat
və sağlamlığına təhdid yaratdığını, keçmiş məcburi köçkünlərin öz
doğma torpaqlarına təhlükəsiz qayıdışına, bölgədə aparılan
bərpa-quruculuq işlərinə maneə törətdiyini vurğulayıb.

Səbinə Əliyeva cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası
– COP29-a ev sahibliyi edəcəyini bildirib, bu istiqamətdə mümkün
əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Qətərin Milli İnsan Hüquqları Komissiyasının sədri Məryəm bin
Abdullah əl Attiyah səmimi görüşə görə minnətdarlığını bildirib, öz
növbəsində mandatı, sədri olduğu qurumun fəaliyyət istiqamətləri
barədə geniş məlumat verib, birgə əməkdaşlıqda maraqlı olduğunu
qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər
məsələlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.