Advertisement

Azərbacyan və Əlcəzair Ali Məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. Trend:

2024-cü ilin 27 və 28 aprel tarixlərində Azərbaycan
Respublikasının Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının sədri İnam
Kərimov Əlcəzair Xalq Demokratik Respublikasında səfərdə olub.

Trend xəbər verir ki, İnam Kərimov Əlcəzair Xalq Demokratik
Respublikasının Ali Məhkəməsinin yaradılmasının 60 illiyi
münasibətilə müxtəlif ölkələrin Ali Məhkəmələrinin sədrlərinin və
rəsmi nümayəndələrinin qatıldığı beynəlxalq konfransda iştirak
edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin
sədri ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və
ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində,
xüsusilə məhkəmələrin rəqəmsallaşması sahəsində görülmüş işlər
barəsində ətraflı məlumat verib. Bildirilib ki, digər sahələrdə
olduğu kimi, məhkəmə sahəsində də rəqəmsallaşma dövlət siyasətinin
prioritet istiqamətlərindəndir.

Konfrans çərçivəsində həmçinin ikitərəfli görüşlər keçirilərək,
qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir
mübadiləsi aparılıb.

Səfərin ikinci günü İnam Kərimovla Əlcəzair Xalq Demokratik
Respublikasının Ali Məhkəməsinin sədri Tahar Mamouni arasında
ikitərəfli görüş keçirilib. Tahar Mamouni ötən il Bakıya etdiyi
səfəri xatırladaraq Azərbaycan Respublikası Ali Məhkəməsi ilə
əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib və hər iki ölkənin
məhkəmələri arasında əməkdaşlıq perspektivlərinə toxunub.

Səfər çərçivəsində ədalət mühakiməsinin inkişafı, iki dost
dövlətin məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi
və əlaqələrin dərinləşdirilməsi məqsədilə Azərbaycan
Respublikasının Ali Məhkəməsi və Əlcəzair Xalq Demokratik
Respublikasının Ali Məhkəməsi arasında Anlaşma Memorandumu
imzalanıb.

Görüşlərdə Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev də
iştirak edib.