
Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan yeni paylaşdığı video ilə
diqqət çəkib.
Trend erməni
KİV-ə istinadən xəbər verir ki, o sözgüdən videoda hüquq,
yurisdiksiya, suverenlik və ərazi bütövlüyündən bəhs edərkən
fikirlərini bir şüşə sudan və stəkandan istifadə etməklə izah
edib.
Xalqın öz hüquq və öhdəliklərinin çevrəsini özünün müəyyən
etdiyini deyən Paşinyan, bu hüquq və öhdəliklərin hansı ərazidə
qüvvədə olduğuna dair anlayışın mövcudluğunun da vacibliyini qeyd
edib.
“Bu, ərazi bütövlüyü ilə birgə yurisdiksiya adlanır ki,
mahiyyətcə hüquq və öhdəliklərin praktik cəhətdən tətbiq olunmasını
mümkün edir”, – deyən Paşinyan söylədiklərini əyani şəkildə
göstərmək üçün su dolu şüşəni götürərək suyu stəkana süzüb.
“Təsəvvür edin ki, şüşədə hüquq və öhdəliklər var. Sonuncular
konkret formada olduqda tətbiq olunması mümkün və həyat
qabiliyyətlidir və həyati ehtiyaclarımızı qarşılamaq üçün onlardan
istifadə edə bilərik”, – o deyib.
Daha sonra Paşinyan stəkandakı sudan bir qurtum içərək bununla
hüquq və öhdəliklərin istifadə olunmasını göstərib.
Bundan başqa, erməni baş nazir şüşədəki suyu qarşısındakı
masanın üzərinə töküb və masanın üzərindəki su Paşinyanın üstünə
axıb. Erməni baş nazir bununla hüquq və öhdəliklərin konkret
formada olmadığı təqdirdə nələrin baş verə biləcəyini izah
edib.
“Belə olduqda hüquq və öhdəliklər həyat qabiliyyətli olmur, axıb
gedir, problemlər və diskomfort hissi yaradır”, – o deyib.
Paşinyan Ermənistan hökumətinin Tavuş vilayətində etdiklərinin,
demarkasiya və delimitasiya prosesində, sülh gündəliyi ilə bağlı
addımlarının məhz bu məqsədi güddüyünü deyib.





























