
Bakı. Trend:
Hazırda Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan
inkişaf konsepsiyasında davamlı inkişafın bir komponenti olan
yaşıl iqtisadiyyata keçid mühüm yer tutur. Azərbaycanın 2030-cu
ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən
biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən
edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin
sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su
ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli
istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər
naziri Muxtar Babayev Bakıda keçirilən VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Yaşıl gələcəyə
davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusunda
panel müzakirələri zaman deyib.
O qeyd edib ki, son illər ölkədə “yaşıl iqtisadiyyat”ın inkişafı
ilə bağlı mövcud olan potensialın reallaşdırılması istiqamətində
qanunvericilik sahəsində müasir dövrün tələblərinə uyğun olaraq,
islahatlar aparılır, dekarbonizasiya, yaşıl investisiyaların cəlbi,
“yaşıl maliyyələşdirmə” təşəbbüslərinin dəstəklənməsi
istiqamətlərində mühüm addımlar atılır.
“Ekoloji problemlərdən biri olan qlobal iqlim dəyişmələri
dayanıqlı inkişafın nəinki ekoloji, həm də iqtisadi və sosial
aspektlərinə ciddi təsir göstərir. Beynəlxalq ictimaiyyətin
etibarlı və məsuliyyətli üzvü kimi ölkəmiz iqlim dəyişmələri ilə
bağlı qlobal məsələlərin həllinə böyük önəm verir və bu istiqamətdə
əməli işlər görür. Bu gün Azərbaycan dünyanın prioritet qəbul
etdiyi “yaşıl keçid” platformasının da əsas
iştirakçılarındandır.
İqlim dəyişikliyinin fəsadlarının qarşısının alınması və
yumşaldılması böyük ölçüdə bəynəlxalq dialoqdan və əməkdaşlıqdan
asılıdır. Heç bir ölkə iqlim dəyişikliyi kimi universal məsələlərin
həllinə tək başına nail ola bilməz. Tərəflər arasında səmərəli və
effektiv əlaqələrin və əməkdaşlığın qurulmasını təmin edən
mədəniyyətlərarası dialoq iqlim dəyişikliyi ilə bağlı qlobal
gündəliyin həyata keçirilməsi, ortaq sosial və ekoloji dəyərlərin
qorunmasında da vacib rol oynayır.
Təmiz texnologiyalar dünya enerji sistemində getdikcə daha böyük
rol oynayır. Yeni qlobal çağırışların yarandığı indiki mərhələdə
enerji transformasiyası Azərbaycanın da gündəliyində dayanan vacib
məsələlər sırasındadır. Son zamanlar həyata keçirilmiş layihələr
hesabına enerji səmərəliliyi və alternativ enerji mənbələrindən
istifadə göstəriciləri yüksəlir. Karbohidrogen resursları ilə
zəngin olan respublikamızda elektrik enerjisi istehsalında bərpa
olunan enerji mənbələri və yaşıl enerjinin xüsusi çəkisinin
artırılması hədəflənib. Bu hədəf özəl sektor və investorlar
üçün uzunmüddətli baxışı təmin edir və yeni layihələrin
inkişafına təkan verir.
Ətraf mühitə buraxılan emissiyaların udulması və sağlam ekoloji
mühitin yaradılması məqsədilə ölkədə meşə və yaşıllıq ərazilərinin
genişləndirilməsi üçün kütləvi şəkildə ağacəkmə, meşə əkinləri və
aqrobağların salınması işləri həyata keçirilir”, – deyə o əlavə
edib.
Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu öz işinə başlayıb.
“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və
Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif
ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.
100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on
panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə
tutulur.
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.



























