Advertisement

Müasir inkişaf ilə mədəniyyətimiz arasında ahəngdarlıq yaradırıq – Datuk Mutanq Taqal

Bakı. Trend:

Biz müasir inkişaf ilə mədəniyyətimiz arasında ahəngdarlıq
yaradırıq. Mədəni irsin qorunması əhəmiyyətli bir məsələdir və bu
bizim müqəddəs vəzifəmizdir. Mədəni irs bizim zənginliyimizin
simvoludur.

Trend-in məlumatına görə, bunu Malayziyanın Parlament Senatının
prezidenti Datuk Mutanq Taqal Bakıda keçirilən VI Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəni irsin
qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr”
mövzusunda panel müzakirələri zaman deyib.

O qeyd edib ki, mədəni irsin qorunmasında, mühafizəsində
cəmiyyətin böyük rolu vardır.

“Yerli icmalar bu sahədə yaxından iştirak edirlər. Malaziya bu
istiqamətdə beynəlxalq əməkdaşlığa üstünlük verir və beynəlxalq
təşkilatlarla əməkdaşlıq edir. Malaziyada tarixi şəhərlər
mövcuddur. Biz UNESCO ilə də yaxından əməkdaşlıq edirik.
Qanunvericilik baxımından Malaziya mədəni irsin qorunması
istiqamətində mühüm işlər həyata keçirib”, – deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və
Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif
ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə
yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28
beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on
panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə
tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən
tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər
Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və
BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə
keçirilir.
Tədbir 1-3 may tarixlərini əhatə edəcək.