
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)
Təbliğat-təşviqat qrupunun Bakı və regionlarda yerləşən ümumtəhsil
məktəblərinin şagirdləri ilə faydalı görüşləri davam edir. Dağlıq
Şirvan Regional Təhsil İdarəsinə tabe olan Ağsu, İsmayıllı, Şamaxı,
Qobustan məktəblərinə səfər edən universitet əməkdaşları yuxarı
sinif şagirdləri ilə ünsiyyətdə olub, AzMİU-nun tanıtımını həyata
keçiriblər.
Yuxarı sinif şagirdləri ilə gerçəkləşən görüşlərdə universitetin
Təbliğat-təşviqat qrupunun üzvləri İctimaiyyətlə əlaqələr və
marketinq mərkəzinin direktoru İsa Muradov, Təcrübə və karyera
şöbəsinin müdiri Xanlar Qəniyev, Materialşünaslıq kafedrasının
müdiri professor İradə Şirinzadə, kafedranın əməkdaşı Cəmalə
Cəbrayılova, Tələbə Gənclər Təşkilatının sədri Tacir İsmayılzadə
iştirak edib.
Görüş çərçivəsində akademik və inzibati heyət üzvləri AzMİU-da
tələbələrə yaradılan şəraitdən danışıb, memarlıq və mühəndislik
yönümlü ixtisasların üstünlükləri, perspektivləri, karyera
məsələlərinə aydınlıq gətiriblər. AzMİU-ya qəbul qaydaları, xüsusi
qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri, tələb olunan
əsas göstəricilər, eyni zamanda ikili diplom proqramları və
müraciət qaydaları, ixtisasları üzrə ölkə daxili və xarici təcrübə
şansları, qəbul qrupları, keçid balları, ixtisaslar, fakültələr,
təhsil haqqı məsələləri, universitetdə tədris olunan dillərdən
söhbət açıblar. Universitet şəhərciyi və burada tələbələrin asudə
vaxtının dəyərləndirilməsi məqsədi ilə yaradılan unikal şəraitdən
danışıblar. Görüş zamanı danışılan məsələlərlə bağlı
abituriyentlərin sualları cavablandırılıb, ixtisas seçimində
çətinlik çəkənlərə universitet nümayəndələrimiz tərəfindən dəyərli
məsləhətlər verilib.
Görüşlərdə AzMİU-nun tanıtım videoçarxı təqdim olunub, yekunda
zalda əyləşən şagirdlərə universitet haqqında məlumatların əks
olunduğu bukletlər paylanılıb.
Qeyd edək ki, AzMİU-nun Bakı və bölgələrdə tanıtımının
aparılmasına universitetin akademik, inzibati, ictimai
təşkilatlardan nümayəndələr daxil olmaqla bir qrup şəxs cəlb
edilib. Beləliklə universitet əməkdaşları bu görüşlərdə ezam
olunduqları məktəblərdə abituriyentləri məlumatlandırmaq, ixtisas
seçiminə dəstək göstərmək, AzMİU-nun ixtisaslarına marağı artırmaq,
öz gələcək tələbələrini onlar arasından seçməyi hədəfləyir.





























