
Tbilisi. Trend:
Gürcüstan iqtisadiyyat sahəsində üç əsas çağırışla üzləşir.
Trend xəbər
verir ki, bu barədə Gürcüstanın Dövlət Satınalmaları Agentliyinin
sədr müavini Kaxa Demetraşvili Tbilisidə AİB-in illik toplantıları
çərçivəsində keçirilən “Dayanıqlı satınalmalar – AİB-in iqlim
dəyişmələrinin nəticələrinin yüngülləşdirilməsi və onlara
adaptasiya üzrə hədəflərin əldə olunmasına töhfə” mövzusunda panel
müzakirəsində çıxışında deyib.
“E-hökumət, qapalı tsiklə malik iqtisadiyyat strategiyaları kimi
çox mühüm strategiyalar işləyib hazırlamışıq. Lakin çağırışlarımız
çoxdur.
Birincisi, bunlar, əsasən, mentalitetlə əlaqəli problemlərdir.
Gürcüstanda ciddi qayda-qanunlar mövcuddur. Bizim 4700 sifarişçimiz
var. Bu mentalitet biznesə də gəlir. Ekoloji cəhətdən təmiz məhsul
və xidmətlər bahadır. İkincisi, təbliğatla bağlı problemlər var.
Üçüncüsü, yeni rəhbər prinsiplərə ehtiyacımız var”, – deyə o
bildirib.
Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik
toplantının mövzusu “Gələcəyə Körpü”dür.
İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.
Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,
ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB
prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə
də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış
edəcəklər.
İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean
regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən
keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min
iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların
rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun
nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının
nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak
edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























