Advertisement

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Bakı. Trend:

Mayın 11-13-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı
keçiriləcək.

Trend xəbər verir ki, bu il 35 yaşını qeyd edən festival Şuşa və
Laçın şəhərlərində baş tutacaq.

Qeyd edək ki, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının
mədəniyyət paytaxtı” elan olunub. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev ötən ilin noyabrında bununla bağlı
tədbirlər haqqında Sərəncam imzalayıb. Öz növbəsində “Xarıbülbül”
Beynəlxalq Musiqi Festivalı da islam dünyası ölkələri arasında
mədəni əlaqələrin inkişafına töhfə verəcək. Builki festival
iştirakçıları arasında həm də ICESCO-ya üzv ölkələrdən ifaçılar və
yaradıcı kollektivlər yer alacaq.

Festivalın proqramı iştirak edəcək ifaçıların zənginliyi ilə
yanaşı, həm də repertuar və fərqli təqdimatlarla yadda qalacaq.

Mayın 11-də Cıdır düzündə “Şuşa – İslam dünyasının mədəniyyət
paytaxtı 2024” ilinin və “Xarıbülbül” VII Beynəlxalq Musiqi
Festivalının açılış konserti keçiriləcək.

Festival mayın 13-də Laçında davam edəcək. Həkəri çayı ətrafında
qonaqlara fərqli ölkələrdən gələn ifaçıların təqdimatında konsert
təqdim olunacaq.

Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi
Festivalı 1989-cu ildən keçirilir. Festival həmin il may ayında
məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illik
yubileyi ilə əlaqədar Ağdam rayonunun Abdal Gülablı kəndində
başlayıb, Şuşada davam edib və Ağdamda yekun konsertlə başa
çatmışdı. 1990-cı ildən isə “Xarıbülbül” festivalı beynəlxalq
status alıb.

Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda təşkil
edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də
keçirilib.

Vətən müharibəsindəki tarixi zəfərimizlə torpaqlarımız işğaldan
azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. Bu il isə
festivalın məkanı genişlənərək Laçın şəhərini də əhatə edir.