
Bakı. Trend:
Avropada iqlim sahəsində fəaliyyət göstərən vətəndaş
cəmiyyətinin və “beyin mərkəzləri”nin aparıcı nümayəndələrinin
iştirakı ilə Almaniyanın Bonn şəhərində keçirilən “COP29 və sonrası
– sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda dialoq
formatlı konfrans işini başa çatdırıb.
Trend xəbər verir ki, konfransda sülh, təhlükəsizlik və iqlim
dəyişikliyi problemlərinin konkret klasterləri olan su
ehtiyatlarının azalmasına qarşı tədbirlər, qida təhlükəsizliyinin
gücləndirilməsi, iqlim dəyişikliyi və minaların ikili təsirlərindən
əziyyət çəkən əhaliyə dəstək mövzularında müzakirələr aparılıb.
COP29 sədrliyinin nümayəndəsi kimi konfransda yekun məruzə ilə
çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar
üzrə səfiri Elşad İskəndərov qeyd edib ki, qlobal iqlim dəyişikliyi
və beynəlxalq sülhə aid məsələlər bir-biri ilə sıx bağlıdır və
qarşılıqlı təsirə malikdir.
“Getdikcə daha çox dəlillər göstərir ki, müharibələr və
münaqişələr, eləcə də onların nəticələri – biomüxtəlifliyin məhv
edilməsi, zərərli maddələrin emissiyası, minalarla çirklənmə təkcə
ətraf mühiti çirkləndirmir, həm də bəşəriyyəti iqlim dəyişikliyinin
geri dönüşü olmayan qırmızı xəttinə daha da yaxınlaşdırır”, – deyən
E.İskəndərov bu il Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un bu
təhlükələrin müzakirəsi və konkret həll yollarının tapılması üçün
mühüm imkan olduğunu bildirib.
Səfir xüsusi vurğulayıb ki, Azərbaycanın COP29-a ev sahibliyinə
yekdilliklə seçilməsi dünya birliyinin ölkəmizin siyasi iradəsinə
və hamının maraqlarını nəzərə alaraq qlobal problemlərin həllinə
töhfə vermək qabiliyyətinə etimadının sübutudur. Azərbaycan “Sülh,
təhlükəsizlik və iqlim dəyişikliyi” məsələləri kompleksinin
vətəndaş cəmiyyəti nümayəndələrinin və ekspertlərin də iştirakı ilə
geniş müzakirəsi üçün imkanlar yaratmağa sadiqdir və bu sahədə
konkret təkliflərə açıqdır.
Azərbaycanın sədrliyi ilə bağlı son bir ayda beynəlxalq QHT
nümayəndələri ilə görüşlərin keçirildiyini diqqətə çatdıran
diplomat bunun ölkəmizin COP29-un inklüzivliyi ilə əlaqədar bəyan
etdiyi prinsipi həm də gerçəkləşdirməkdə israrlı olmasının
göstəricisi kimi qiymətləndirib.



























