
Bakı. Trend:
Xəbər verildiyi kimi “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik
hüquqi şəxsin vəzifəli şəxsləri Vidadi Hüseynov, Məhəbbət
Abdullayev və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata
keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət
işinin istintaqı aparılır
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, iş üzrə Məhəbbət Abdullayev və Vidadi Hüseynov
təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilmiş,
müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurorun təqdimatına baxan məhkəmənin qərarı ilə
hər iki şəxs barəsində ev dustaqlığı növündə qətimkan tədbiri
seçilmişdir.
Məhəbbət Abdullayev barəsində seçilmiş ev dustaqlığının həbslə
əvəz edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokuror tərəfindən müvafiq qərardan verilmiş
apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin
olunmuş və təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı
həbs qətimkan tədbiri ilə əvəz edilmişdir.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.





























