
Bakı. Trend:
Azərbaycanın COP29 sədrliyi çərçivəsində mayın 6-7-də Bakı
şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
(UNFCCC) ekspertləri tərəfindən Paris sazişinə uyğun olaraq
Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin (ETF) əsas komponenti olan
İkiillik Şəffaflıq Hesabatının (BTR) hazırlanmasına dəstək
məqsədilə aidiyyəti dövlət qurumlarının iştirakı ilə təlim
keçirilib.
Trend xəbər verir ki, Azərbaycanın xarici işlər nazirinin
müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev tədbirin açılış
mərasimində çıxış edərək, tərəf dövlətlərin, o cümlədən
Azərbaycanın İkiillik Şəffaflıq Hesabatlarını təqdim etməsinin
COP29 sədrliyinin prioritet istiqamətlərindən biri olduğunu
vurğulayıb. Bununla əlaqədar o, ölkəmizin müvafiq dövlət
qurumlarını qısa zamanda Azərbaycanın İkiillik Şəffaflıq
Hesabatının hazırlanmasına töhfə verməyə çağırıb.
İkigünlük təlim zamanı UNFCCC katibliyinin nümayəndələri ETF-in
əsas elementləri, bu sahədə modallıqlar, prosedurlar və təlimatlar,
eləcə də İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması prosesində
yeni elektron proqram təminatından istifadə ilə bağlı iştirakçılara
məlumat veriblər.



























