Advertisement

Çin kosmosda 6G texnologiyasını sınaqdan keçirir

Bakı. Trend:

Mobil abunəçilərin sayı baxımından dünyanın ən böyük
telekommunikasiya operatoru olan “China Mobile” şirkəti 6G
texnologiyasını sınaqdan keçirmək üçün planetimizin ilk müvafiq
peykini uğurla orbitə buraxıb. Çin kompaniyası bu addımı ilə
inteqrasiya olunmuş kosmos və yerüstü kommunikasiya
texnologiyalarını araşdırmaq səylərində yeni bir mərhələnin əsasını
qoyub.


Trend
xarici KİV-ə istinadən xəbər verir ki, Çinin yeni
layihəsi kosmosa buraxılan peyk texnologiyasında əhəmiyyətli bir
mərhələni başladacaq. Belə ki, Yerin aşağı orbitində yerləşdirilən
sınaq peyki innovativ 6G dizaynı arxitekturasını özündə
birləşdirir.

Nəşr bildirir ki, 6G texnologiyasının sınaq peyki “China Mobile”
və Çin Elmlər Akademiyasının Mikropeyklər üzrə İnnovasiya
Akademiyası tərəfindən birgə hazırlanmış muxtar struktura malikdir.
Çinli mütəxəssislər bildiriblər ki, yerli proqram və aparatdan
istifadə edən sistem orbitdə proqram təminatının yenidən
qurulmasını, əsas şəbəkə funksiyalarının çevik yerləşdirilməsini və
avtomatlaşdırılmış idarəetməni dəstəkləyir. Bununla yanaşı, peyk
orbitin daxilində mobil rabitənin əsas şəbəkəsinin əməliyyatının
səmərəliliyini və etibarlığını da artırır.

Orbitdə təxminən 500 kilometr hündürlükdə qurulan bu
eksperimental peyklər 36 min kilometr məsafəni qət edən yüksək
orbitli peyklərlə müqayisədə aşağı gecikmə və yüksək məlumat ötürmə
sürəti kimi üstünlüklər təklif edir. “China Mobile” şirkətinə görə,
gələcək inteqrasiya olunmuş kosmik və Yer şəbəkələri üçün mühüm
platforma kimi yerləşdirilən aşağı orbitli peyklər yerüstü mobil
şəbəkələrdə telekommunikasiya siqnalının əhatə dairəsində
boşluqları aradan qaldıra və qlobal miqyasda daha yüksək bant
genişliyi ilə peyk internet xidmətləri təqdim edə bilər.

“China Mobile” şirkəti bu sınaq peykləri əsasında kosmosdan Yerə
göndərilən siqnallar üzrə texnologiya sənayesinin inteqrasiyasını
və inkişafını sürətləndirəcək orbital təcrübələr keçirməyi
planlaşdırır.