Advertisement

Rusiya Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatı görüşünü alqışlayır – Zaxarova

Bakı. Trend:

Rusiya Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın
10-da Almatıda keçiriləcək görüşünü alqışlayır.

Trend xəbər verir ki, bu barədə bu gün Rusiya XİN-in mətbuat
xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı
bildirib.

“Moskva Ermənistan-Azərbaycan prosesinin normallaşmasının
irəliləməsinə yardımı davam etdirməyə hazırdır. Bu məsələlər
həmçinin, Putin və Paşinyanın bugünkü danışıqlarının
gündəliyindədir”, – o deyib.

Qeyd edək ki, daha öncə əldə olunmuş razılaşmalara əsasən,
2024-cü il mayıən 10-da Almatıda Azərbaycan və Ermənistan xarici
işlər nazirləri arasında danışıqlar aparılacaq.

Xatırladaq ki, aprelin 30-da Qazaxıstan XİN-in rəsmi nümayəndəsi
Aybek Smadiyarov Bakı və İrəvanın Almatıda danışıqlarda öz
iştirakını təsdiqlədiyini demişdi.

Daha əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycan
və Ermənistan arasında danışıqlar keçirmək üçün meydança təklif
edib.

“Azərbaycan Respublikası və Ermənistan Respublikasının
Qazaxıstan tərəfinin təklifi ilə iki dövlət arasında sülh sazişinin
hazırlanması üzrə xarici işlər nazirlərinin danışıqlar keçirmək
barədə razılaşmasını alqışlayıram. Bu mühüm tədbirin 1991-ci ilin
dekabr ayında MDB ölkələrinin müstəqil inkişafının əsaslarını
möhkəmləndirən və dövlətlərarası sərhədlərin müəyyən edilməsi
prinsiplərini təsdiqləyən tarixi Alma-Ata bəyannaməsinin
imzalandığı Almatıda keçirilməsi simvolikdir. İnanıram ki,
qarşıdakı görüş Azərbaycan-Ermənistan razılaşmalarının praktikada
reallaşdırılacağına xidmət edəcək və Cənubi Qafqazda tezliklə
möhkəm və uzunmüddətli sülhün bərqərar olmasına imkan yaradacaq”, –
Tokayevin bəyanatında deyilir.