Advertisement

Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edib

Bakı. Trend:

Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və media
nümayəndələrinə müraciət edib.

Trend xəbər verir ki, müraciətdə deyilir:

“Xəbər verildiyi kimi fevralın 13-də bir ailənin 5 üzvünün (2-si
azyaşlı) qəsdən öldürülməsi faktı üzrə Xətai rayon prokurorluğunda
Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq
istintaq aparılır.

Təəssüflə bildiririk, baş vermiş hadisə ilə əlaqədar bəzi sosial
media səhifələri (istifadəçiləri) və xəbər portalları tərəfindən
rəsmi qurumla dəqiqləşdirmə aparılmadan, təqsirsizlik prezumpsiyası
və istintaq sirrinə dair tələblər pozularaq cinayət işi üzrə
hadisənin baş vermə səbəbi və mexanizmi, əməli törətməkdə şübhəli
bilinən şəxsi xarakterizə edən hallar, zərərçəkmiş şəxslər barədə
şəxsi və ailə sirrini təşkil edən məlumatlar, o cümlədən yayılması
qanunvericiklə yolverilməz hesab olunan və qadağan edilmiş digər
informasiyalar, foto və videogörüntülər ictimailəşdirilib.

Qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb
olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati
və cinayət məsuliyyətinə səbəb olur.

Nəzərə alınmalıdır ki, Cinayət Prosessual Məcəlləsinin 222.2-ci
maddəsinə əsasən, ibtidai araşdırma məlumatları jurnalistlər
tərəfindən yalnız müvafiq olaraq müstəntiqin, təhqiqatçının,
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun
və ya məhkəmənin icazəsi ilə ibtidai araşdırmanın maraqlarına zidd
olmayan və cinayət prosesinin digər iştirakçılarının hüquq və
qanuni mənafelərini pozmayan həddə yayıla bilər.

Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən
qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin
tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş
məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edirik”.