
Bakı. Trend:
Bu ilin noyabrında Bakıda COP29-a ev sahibliyi etməyə hazırlaşan
Azərbaycan tarixi anın astanasındadır. Biz bu məsuliyyəti təkcə
beynəlxalq ictimaiyyətin ölkəmizə etimadının göstəricisi kimi
deyil, həm də iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli
dəyişikliklərin aparılması üçün əlverişli fürsət kimi görürük.
Trend xəbər verir ki, bu fikirlər Azərbaycanın Keniyadakı səfiri
Sultan Hacıyevin “The Standard” qəzetində dərc olunan məqaləsində
yer alıb.
Məqalədə bildirilib ki, Azərbaycanın yanaşmasının mərkəzində
inklüzivlik prinsipi dayanır. COP29 yalnız seçilmiş insanlar üçün
deyil, burada hamımızın iştirakı nəzərdə tutulur. Müxtəlif
qruplardan olan insanların fikirlərinin və imkanlar barədə
təkliflərinin eşidilməsini və onlara hörmət olunmasını təmin
etməklə biz daha güclü tərəfdaşlıqlar qura və iqlim dəyişikliyi ilə
mübarizədə təkbaşına bacardığımızdan daha səmərəli nəticələr əldə
edə bilərik.
COP28-də xüsusilə maliyyə, uyğunlaşma və iqlimlə bağlı itki və
zərərlərin aradan qaldırılması kimi sahələrdə əldə edilmiş
irəliləyişlərə toxunan səfir vurğulayıb ki, qarşıda görüləsi çox iş
var. İnkişafa yönəlmiş ənənəvi dəstək çox mühüm olsa da, iqlimlə
bağlı fəaliyyətin artan maliyyə tələblərini ödəmək üçün kifayət
etmir: “Beynəlxalq birlik olaraq, iqlimlə bağlı çağırışların
səmərəli həlli üçün yanaşmamızda və düşüncə tərzimizdə əsaslı
dəyişiklik etməyimiz həqiqətən vacibdir. Azərbaycanın atdığı mühüm
addımlardan biri 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili”
elan etməsidir. Bu qlobal mübarizəyə sadiqliyimizi vurğulamaqla
yanaşı, həm də milli, regional və beynəlxalq səviyyələrdə
tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə diqqətimizi
fokuslayır”
Səfir onu da bildirib ki, COP29 sədrliyinin danışıqlar üzrə
komandası kollektiv fəaliyyətin uğur qazanmaq üçün çox vacib
olduğunu dərk edərək, müxtəlif tərəfdaşlar və danışıqlar qrupları
ilə fəal şəkildə əməkdaşlıq edir: “Biz öz fəaliyyətimizdə Qlobal
Cənub və Qlobal Qərb arasında fikir ayrılıqlarını aradan qaldırmağa
çalışırıq. COP29 tarixən məhdud əlaqələrə və tərəfdaşlıqlara malik
olan ölkələri bir araya gətirməklə effektivliyi gücləndirən və
inteqrasiya rolunu oynayan faktor olmalıdır.
Buna misal olaraq Azərbaycan ilə Keniya arasında inkişaf edən
tərəfdaşlıq münasibətlərini göstərmək olar. Keçmişdə ölkələrimiz
arasında yaxşı münasibətlər olsa da biz xüsusilə Keniyanın iqlim
dəyişikliyinin həllindəki mühüm rolu fonunda əməkdaşlığımızı
möhkəmləndirməyin zəruriliyini dərk edirik. Məhz buna görə də
COP29-un prezidenti Muxtar Babayev martda BMT-nin Ətraf Mühit
Assambleyası çərçivəsində Prezident Ruto ilə görüşüb”.
“COP29 və ya BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA-6) bu
yaxınlarda keçirilmiş altıncı sessiyası kimi tədbirlər dünya
dövlətlərinin ətraf mühitin mühafizəsi sahəsində səylərini
kollektiv şəkildə necə əlaqələndirə biləcəyinə dair mühüm
nümunələrdir. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) qlobal ekoloji
gündəliyin irəli aparılmasında göstərdiyi liderlik təqdirəlayiqdir
və biz bu dinamikanı davam etdirməliyik. COP28-də irəli sürülən və
COP28, COP29 və COP30-un sədrliklərini özündə birləşdirən “Üçlük”
mexanizmi belə bir dinamikanın qorunub saxlanmasının təmin
edilməsində çox mühüm nailiyyətdir. Ancaq bu, sadəcə Keniya və
Azərbaycan üçün bir missiya deyil.
İnkişaf etmiş ölkələr Keniyanı və ümumilikdə Afrikanın iqlim
dəyişikliyi sahəsində səylərini artırmaq üçün maliyyələşdirməyə,
texnologiya transferinə və bacarıqların artırılmasına dəstəyə daha
çox çıxış əldə etmək məqsədilə daha çox iş görərək töhfə
verməlidir. Əgər biz qlobal temperatur artımının 1,5°C dərəcəyə
qədər məhdudlaşdırmağa nail olmaq istəyiriksə, qəbul etməliyik ki,
belə bir mürəkkəb problemin həlli zamanı kompleks yanaşma tətbiq
edilməlidir”, – deyə Azərbaycan səfiri məqaləsində vurğulayıb.



























