
Bakı. Trend:
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev
bu ölkənin Rəyasət Heyətinin xorvat üzvü Jelko Komşiçlə görüşüb və
Prezident İlham Əliyev tərəfindən ona ünvanlanmış BMT-nin İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) dəvət məktubunu təqdim edib.
Trend xəbər verir ki, görüşdə səfir Azərbaycanda COP29-a
hazırlıqla bağlı işlər və “yaşıl enerji”yə keçid sahəsində icra
edilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.
J.Komşiç Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki
aparılan yenidənqurma işləri ilə maraqlanıb. O, hələ ki,
Azərbaycanda səfərdə olmadığını, lakin Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə görülən işləri və aparılan islahatları
yaxında izlədiyini deyib.
Söhbət zamanı Azərbaycan-Bosniya və Herseqovina əlaqələrinin
geniş spektri üzrə fikir mübadiləsi aparılıb.



























