Advertisement

Amerika şirkətləri COP29-da iştirakda maraqlıdır – Səfir (FOTO)

Bakı. Trend:

ABŞ şirkətləri bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək
COP29-da iştirakda maraqlıdırlar.

Trend səfirliyə istinadən xəbər verir ki, bunu ABŞ-nin
Azərbaycandakı səfiri Mark Libbi Baker Hughes müəssislərinə ziyarət
edərkən və şirkətin ölkəmizdəki nümayəndəsi Zaur Allahverdizadə ilə
görüş zamanı deyib.

“Amerikanın neft-qaz avadanlıqları və xidmətlərinin iri
tədarükçüsü olan Baker Hughes şirkətinin Azərbaycandakı
nümayəndəliyində 300-dən çox şəxs çalılşır. Şirkət SOCAR Upstream
ilə sıx əməkdaşlıq edir. Səfirə Baker Hughes şirkətinin “yaşıl”
enerji, habelə şaxələndirilmə və inklüzivlik siyasəti sahəsində
təşəbbüsləri barədə məlumat verilib. O “yaşıl” enerjinin inkişafı
məqsədilə normativ-hüquqi bazanın vacibliyini qeyd edib və Amerika
şirkətlərinin Azərbaycanın bərpaolunan enerji sektoruna, o cümlədən
COP29-da iştirakda maraqlı olduğunu vurğulayıb”,- səfirliyin
məlumatında deyilir.

Qeyd edək ki, cari ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim
Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyası (COP29) keçiriləcək. Bununla bağlı qərar COP28-in
ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul
olunub. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən
70-80 min xarici qonağı qarşılayacaq.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflərin
Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına
nəzarət edən ali qərarverici orqandır.

Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər
tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk
tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn
şəhərində yerləşir.