Advertisement

Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən etirazçılar İrəvana çatıb

Bakı. Trend:

Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edən
arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə
Tavuş” müxalifət hərəkatının iştirakçıları İrəvana çatıblar.

Trend bu barədə erməni KİV-lərə istinadən xəbər verir.

“Bu hərəkat zorakılıq haqqında deyil, barışıqdır. Xalqımız,
ölkəmiz aşağılanmış vəziyyətdədir. Bu vəziyyəti düzəltməyin vaxtı
gəlib”, – deyə arxiyepiskop qeyd edib.

Qeyd edilir ki, İrəvanın Respublika meydanında böyük mitinq
gözlənilir. Müxalifət hərəkatına onlarla siyasi və ictimai
təşkilat, həmçinin, ziyalıların nümayəndələri öz həmrəyliklərini
nümayiş etdiriblər.

Qeyd edək ki, Ermənistanın Armavir vilayətinin sakinləri
Azərbaycanla sərhədlərin delimitasiyası çərçivəsində əldə olunan
razılaşmaya etiraz olaraq İrəvan – Armavir yolunu bağlayıb.

Buna səbəb isə, Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə
Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan
Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan
Respublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə
edilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə
Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları
ərazidə geodeziya ölçmələri əsasında koordinatların
dəqiqləşdirilməsi prosesinə başlaması olub.