
Bakı. Trend:
“PAŞA Holding” Bakıda COP29-a hazırlıq və keçirilməsi ilə bağlı
BMT-nin Azərbaycanda əsas tərəfdaşlarından biridir və bu gün bu
mühüm hadisə üzrə ilk dialoq keçirilir.
Trend xəbər verir ki, bu
barədə bu gün “PAŞA Holding”in strategiya məsələləri üzrə
nümayəndəsi Teymur Hüseynov “29 İqlim söhbəti: COP29-a gedən yol”
tədbirində məlumat verib.
O, BMT nümayəndələrinin və COP29 sədrliyinin bugünkü tədbiridə
iştirakını alqışlayıb.
“Holdinq və onun səhmdarları özəl sektorun iqlimin qorunması ilə
bağlı COP29 və bütün məsələlərlə bağlı prosesə cəlb olunmasını
vacib hesab edirlər”, – deyə o vurğulayıb.
Hüseynov qeyd edib ki, holdinq bütün beynəlxalq standartlara,
yəni ESG strategiyasına da cavab verir.
“Biz COP29 üzrə iş görüşlərində iştirak edirik, BMT standartlarına
uyğun uzunmüddətli davamlı inkişaf strategiyasına sahibik. COP29
ilə bağlı prosesdə iştirakımız fəal olacaq”, – deyə Hüseynov əlavə
edib.
Qeyd edək ki, BMT-nin qlobal problemlərin həlli missiyasına
uyğun olaraq Holdinq davamlı inkişafa kömək etmək və iqlim
dəyişikliyi probleminin həllinə yönəlmiş səmərəli təşəbbüslərin
həyata keçirilməsi məqsədilə strateji tərəfdaşlığa başlayıb.
Mayın 10-da “BMT-nin iqlim dəyişikliyi üzrə konfransına baxış:
özəl sektorun perspektivləri” adlı tədbirin əsas məqsədi “PAŞA
Holding”in əməkdaşlarına COP29 konfransı barədə ümumi məlumat
vermək, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə özəl sektorun
rolunu müzakirə etməkdir.



























