
Şuşa. Trend:
Şuşa – gözəl və sehrli, möhtəşəm və nəcib, qürurlu və azad,
azərbaycanlıların müqəddəs yeridir! Bu günlərdə şəhərdə gözəl
bayram ab-havası hökm sürür.
Trend-in müxbiri
hadisə yerindən məlumat verir ki, Şuşada 11-13 may tarixlərində
Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə VII “Xarıbülbül” Beynəlxalq Musiqi
Festivalının möhtəşəm açılışı baş tutub.
Festival 3 gün ərzində Şuşa və Laçında keçirilir. Şuşa şəhəri
2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Ötən ilin noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev bununla
əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı dünyanın bir çox
ölkələrindən olan çoxsaylı musiqiçilərin iştirak etdiyi dostluq və
musiqi bayramıdır, mədəni irsimizin zəngin ənənələrinin
qorunmasına, eləcə də mədəniyyətlərarası dialoqun
möhkəmləndirilməsinə kömək edir, müxtəlif ölkələri təmsil edən
musiqiçilərin ünsiyyət və əməkdaşlığı üçün əlverişli şərait
yaradır.
Festivalın qonaqları arasında dövlət və ictimai xadimlər,
mədəniyyət və elm nümayəndələləri, yaradıcı ziyalılar və gənclər
var.
Cıdır düzündə Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı”
elan edilməsin və VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının
açılışı münasibətilə tanınmış incəsənət ustaları və gənc
istedadların, musiqiçi və vokalistlərin, muğam, klassik və xalq
musiqisi ifaçılarının, xoreoqrafiya kollektivlərin iştirakı ilə
konsert təqdim edilib. Festivalın iştirakçıları arasında
Azərbaycanla yanaşı Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran,
Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan, Türkiyə, İCESCO-ya
üzv ölkələrindən olan ifaçılar və yaradıcı kollektivlər təmsil
olunur.
Diqqət çəkən məqamlardan biri də İCESCO-nun üzv dövlətlərinin
bayraqları ilə Cıdır düzünə 27 Qarabağ atı ilə atlı dəstənin çıxışı
olub.
Konsertdə müxtəlif ölkələrdən olan tanınmış ifaçılar iştirak
ediblər: Azərbaycanın xalq artistləri Arif Babayev, Gülyanaq
Məmmədova, Polad Bülbüloğlu, Zeynəb Xanlarova, Zülfiyə Xanbabayeva,
Sevda Ələkbərzadə, Qazaxıstanın əməkdar artisti Alişer Karimov,
Qvineyadan Abubakar Silla, Özbəkistanın xalq artisti Nəsibə
Abdullayeva, Türkiyədən Hüsnü Şənləndirici, habelə “Aşıqlar” qrupu,
Azərtbaycan Dövlət Rəqs Ansamblı, “Almazyood” kollektivi (BƏƏ),
“Sendja Community” kollektivi (İndoneziya), “Qılınc rəqqasları”
(Qətər), “Tizwit” (Mərakeş), ”Anadolu ateşi” (Türkiyə), ”Navbahor“
mahnı və rəqs ansamblı (Özbəkistan) və s.
SSRİ xalq artisti, dünya şöhrətli ifaçı Zeynəb Xanlarova: “Bir
neçə dəfə Xarıbülbül festivalında qonaq kimi iştirak etmişəm, amma
bu möhtəşəm səhnədə ilk dəfə çıxış edirdim. Şuşada çıxış etmək
böyük xoşbəxtlik və qürurdur!”
Xalq artisti, tanınmış muğam ifaçısı Arif Babayev: “Şuşa,
Qarabağ bizim şanlı tariximiz, fəxrimiz, xoşbəxtliyimizdir. Cıdır
düzündəki konsert ən yüksək səviyyədə təşkil olundu və hamımıza
musiqi sənətinin böyük bayramını yaşatdı”.
““Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı – qəlbimizin
sədasıdır! Mən dünyanın bir çox ölkələrində olmuşam, yüzlərlə
festivalda iştirak etmişəm, lakin Şuşa və bu möhtəşəm musiqi,
yaradcılıq, sülh, gözəllik və azadlıq bayramı ilə heç nə müqayisə
oluna bilməz. Bu, həqiqətən Heydər Əliyev Fondunun 20 illiyinə və
Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə təsadüf edən xoşbəxt
günlərdir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın sayəsində ölkəmiz qədim
tarixi, mədəniyyəti, adət-ənənələri ilə bütün sahələrdə çiçəklənən
ölkə kimi dünyada tanınır. Bunun üçün yaşamağa, yaratmağa,
Azərbaycanı bütün dünyada tanıtmağa dəyər!”, – deyə xalq artisti,
görkəmli tar ifaçısı Ramiz Quliyev bildirib.
“Müharibə vaxtı keçdi. Quruculuq, xoşbəxtlik, böyük
nailiyyətlərin vaxtıdır. Son zamanlar mən Bakıdan çox Şuşada
olmuşam və burada baş verən möhtəşəm dəyişiklikləri öz gözlərimlə
görürəm. Bu yaxınlarda Xənkəndi şəhərinə getdim, orada sonuncu dəfə
35 il əvvəl olmuşam və xoşbəxtlikdən gözlərim yaşardı. Festivalın
müasir, azad, müstəqil və demokratik Azərbaycanın memarı, Ulu Öndər
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günlərində
keçirilməsi isə ölkə tarixinin şanlı salnaməsinə yazılmış çox
əlamətdar hadisədir”, – Səməd Vurğun adına Azərbaycan Dövlət
Akademik Rus Dram Teatrının baş rejissoru, xalq artisti, Avropa
yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski
deyib.
“”Xarıbülbül” beynəlxalq festivalı indi erməni revanşizminin baş
qaldırmağa çalışdığı bir vaxtda keçirilir və bu festival, o
cümlədən Qarabağda yolların, binaların, hava limanlarının
tikintisinin, memarlıq abidələrinin bərpasının fəal şəkildə həyata
keçirilməsi sülh əvəzinə aqressiv əməllərə əl atmağa çalışan bu
“bəxtsiz qonşulara” ən gözəl cavabdır. Əsas odur ki, Heydər Əliyev
Fondu öz quruculuğunu davam etdirir və bu səbəbdən hamını böyük
bayram münasibətilə təbrik edirəm!!, – Üzeyir Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəyli
qeyd edib.
“Festival Şuşa şəhəri işğaldan azad ediləndən sonra dördüncü
dəfə keçirilir və bu, ölkəmiz üçün çox əlamətdar bir hadisədir.
Fərhad Bədəlbəyli və mən bura gələrkən yol boyu baş verən
dəyişiklikləri gördük, yollar, aparılan tikinti işləri bizə xoş
duyğular bəxş etdi. Şuşa – ölkəmizin qızılıdır və bu gündən
etibarən burada müxtəlif sahələrdə möhtəşəm layihələr həyata
keçirməyimiz böyük xoşbəxtlikdir. İstərdik ki, bu bayram həmişə
davam etsin. Xüsusilə qeyd edim ki, bu beynəlxalq festival müxtəlif
ölkələrdən qonaqların gəldiyi, mədəniyyətimizlə, ənənələrimizlə,
gözəl ölkəmizlə və insanlarımızla tanış olduğu, sənətlərini nümayiş
etdirdiyi və buradan ən xoş təəssüratlarla getdikləri festivaldır.
Əvvəllər biz bütün dünyada geniş yayılmış Qəbələ Beynəlxalq
Festivalı ilə fəxr edirdik, indi isə ölkənin təbliği üçün çox vacib
olan “Xarıbülbül” festivalını dünya xalqlarına xüsusi sevinclə
təqdim edirik”, – Müslüm Maqomayev adına Dövlət Akademik
Filarmomiyasının direktoru, xalq artisti Murad Adıgözəlzadə
vurğulayıb.
“Çox söz demək olar, amma duyğularım aşıb-daşır.Təxminən iyirmi
ilə yaxındır ifa etdiyim “Şuşanın dağları” kompozisiyası nəhayət,
işğaldan azad edildikdən sonra burada ilk dəfə Cıdır düzündə böyük
səhnədə təqdim etdim. Mən ölkə və xalq adına böyük qürur
duyuram!”., – Azərbaycanın xalq artisti, müğənni Zülfiyyə
Xanbabayeva söyləyib.
Qeyd edək ki, Şuşa şəhərinin simvolu olan gülün şərəfinə
adlandırılan “Xarıbülbül” musiqi festivalı 1989-cu ildən etibarən
keçirilir. Festival məşhur xanəndə, pedaqoq, xalq artisti Seyid
Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə həmin ilin
may ayında Ağdamın Abdal Gülablı kəndində keçirilib, Şuşada davam
edib və Ağdamda konsertlə yekunlaşıb.
1990-cı ildən “Xarıbülbül” festivalı beynəlxalq status qazanıb.
Qarabağ münaqişəsi dövründə festivalın əsas konsertləri Ağdamda
keçirilib. Festivalın bəzi konsertləri Bərdə və Ağcabədidə baş
tutub. Ölkəmizin tarixi qələbəsi ilə başa çatan 44 günlük müharibə
zamanı Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra
festival yenidən Şuşada keçirilir. Bu il isə festivalın məkanı
genişlənədiriləcək və Laçın şəhərini də əhatə edəcək.
Fotolar: Zaur Mustafayev.





























