Advertisement

Səfərbərliyin həbs olunan əməkdaşı barəsində cinayət işləri məhkəməyə göndərilib

Bakı. Trend:

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
(SHXÇDX) Nizami Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti
vəzifəsində işləmiş Nəbiyev Hümbət Nizami oğlu və vətəndaş Əsgərov
Xəlil Ənvər oğlunun hərbi xidmətə çağırış sahəsində qanun
pozuntularına yol vermələri ilə bağlı Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət
işlərinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, istintaqla Hümbət Nəbiyevin qeyd olunan vəzifədə işləyərkən
əvvəlcə vətəndaşa müvəqqəti olaraq möhlət hüququnun verilməsi
müqabilində müəyyən məbləğdə pul vəsaitini rüşvət qismində alması,
daha sonra isə həmin şəxsə dinc dövrdə həqiqi hərbi xidmətə
yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi
biletin təqdim edilməsi müqabilində təkrarən külli miqdarda rüşvət
tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.

Digər cinayət işi üzrə isə Xəlil Əsgərovun SHXÇDX-nin Şəmkir
rayon şöbəsində işləyən vəzifəli şəxslərin qərarına qanunsuz təsir
etmək imkanına malik olduğunu bildirməklə hərbi xidmət üzrə
çağırışçının xidmətə yararsız olması barədə hərbi biletlə təmin
edilməsi, eləcə də həmin şəxsin ölkə hüdudlarını tərk etməsinin
məhdudlaşdırılmaması müqabilində tələb etdiyi pul vəsaitinin
müəyyən hissəsini qanunsuz olaraq almasına əsaslı şübhələr müəyyən
edilib.

Hər iki cinayət işi üzrə toplanmış sübutlar əsasında Hümbət
Nəbiyevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (rüşvət alma
təkrar və külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan
edilməklə barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında
məhkəmənin qərarı ilə həbs, Xəlil Əsgərova isə həmin Məcəlləsinin
312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə –
nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə barəsində polisin
nəzarəti altına vermə qətimkan tədbiri seçilib və cinayət işləri
baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.