
Bakı. Trend:
BMT-nin Azərbaycandakı nümayəndəliyi və PAŞA Holding-in birgə
əməkdaşlığı ilə keçirilən “29 İqlim Söhbəti: COP29-a gedən yol”da
növbəti tədbir “BMT-nin İqlim Dəyişikliyi Konfransına Ümumi Baxış:
Özəl Sektor Perspektivləri” mövzusuna həsr olunub. Silsilədən
dördüncü, PAŞA Holding ilə birgə ilk dəfə təşkil olunan tədbirdə
PAŞA Qrup şirkətlərinin 200-dən çox əməkdaşı iştirak edib.
Tədbirdə PAŞA Holding-in Qrup üzrə Strateji İdarəetmə
Departamentinin Teymur Hüseynov, COP29 Azərbaycan şirkətinin baş
icraçı direktoru Elnur Soltanov və BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka Andreeva açılış nitqləri ilə çıxış
ediblər. O cümlədən UNFCCC-nin Hökumətlərarası Dəstək və Kollektiv
Proqres Departamentinin Direktoru Sesiliya Njenqa, BMT Qlobal
Sazişinin Ətraf Mühit və İqlim üzrə Rəhbəri Fernando Castellanos və
Sustainera Solutions şirkətinin Təsisçisi və İcraçı Direktoru İlkin
Hacıyev detallı təqdimatlarla çıxış etdilər. Tədbir zamanı
əməkdaşlar üçün Qarabağ Dirçəliş Fondunun hazırda icra etdiyi
ekoloji layihələrə ianə etmək imkanı da yaradılıb.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka
Andreeva PAŞA Holding ilə əməkdaşlığın əhəmiyyətini vurğulayaraq
qeyd etdi ki, “Özəl sektor iqlimlə bağlı fəaliyyət üçün kritik
iştirakçılardan biridir və biz bu mühüm prioritetdə PAŞA Holding
ilə əməkdaşlıq etməkdən məmnunuq. Təkcə ölkə üçün deyil, həm də
dünya üçün”.
“İqlim mövzusunun aktuallığını nəzərə alaraq, biz öz
“stakeholder”lərimiz üçün həm COP29, həm də ümumilikdə iqlim
çağırışları barədə məlumatlılıq səviyyəsinin artırılması imkanını
yaratmaq istədik. Beləcə, BMT Azərbaycan tərəfindən “29 İqlim
Söhbəti” təşəbbüsü barədə eşidən kimi bu təşəbbüsə qoşulmaq
niyyətimizi bildirdik. Təşəbbüs çərçivəsində BMT tərəfindən
ümumilikdə 29 tədbir keçiriləcək və bu tədbirlərdən 4-ü PAŞA
Holding-in tərəfdaşlığı ilə baş tutacaq. Bu gün biz bu tədbirlərdən
ilkini keçiririk. Çünki müzakirələrə məhz əməkdaşlarımızdan
başlamaq istədik”, – deyə Teymur Hüseynov vurğulayıb.
“29 İqlim Söhbəti: COP29-a aparan yol” proqramı qlobal iqlim
böhranı ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgə
fəaliyyət və dialoqu təşviq etmək məqsədi daşıyır. PAŞA Holding-in
dəstəyi ilə təşkil olunacaq bu silsilənin növbəti tədbirlərində
yerli və beynəlxalq media nümayəndələri, müştərilər, tərəfdaşlar və
qeyri-hökumət təşkilatları ilə BMT-nin müxtəlif qurumlarının mövzu
ilə bağlı ekspertlərinin iştirakı nəzərdə tutulub.



























