
Bakı. Trend:
İtaliya şirkətlərinin əsas vəzifələrindən biri “yaşıl” və müasir
texnologiyaların köməyilə Qarabağın bərpasıdır.
Bu barədə Trend-ə İtaliya Ticarət Agentliyinin (İTA) Bakıdakı
direktoru Andrea Makkaniko Azərbaycan-İtaliya biznes forumu
çərçivəsində deyib.
“İtaliya şirkətləri üçün Azərbaycanda bərpa olunan enerji
mənbələri sektorunda bir çox imkanlar mövcuddur. Onlar növbəti
aylar ərzində, xüsusən COP29 ilə əlaqədar olaraq öyrəniləcək. Bu,
İtaliya şirkətlərinin dəstək göstərməyə və lazımi bütün
texnologiyaları təmin etməyə hazır olduğu sahədir”, – deyə o
bildirib.
İTA direktoru həmçinin ekoloji problemin mövcud olduğunu və
bununla mübarizə aparmağın vacib olduğunu qeyd edib.
Onun sözlərinə görə, iqlim dəyişmələri ilə əlaqədar
problemlərdən biri su şatışmazlığıdır və İtaliya şirkətləri
Azərbaycanın sudan optimal istifadə etməsinə imkan verən irriqasiya
həlləri təklif etməyə hazırdır.
“Beləliklə, ekologiya böyük sektordur və burada birgə fəaliyyət
üçün bir çox imkanlarımız mövcuddur. Tikinti şirkətindən olan və
tikinti sektoru üçün “yaşıl” texnologiyalar, məhsul və xidmətlər
üzrə ixtisaslaşan nümayəndə heyətimiz oktyabr və ya ya noyabr
ayında Azərbaycana gəlməlidir”, – deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Agentliyi (AZPROMO) və İtaliya Ticarət Agentliyinin (İTA) birgə
təşkilatçılığı ilə ixracın təşviqi və xarici ivestisiyaların cəlb
edilməsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət
göstərən 12 İtaliya şirkəti və 100-ə yaxın azərbaycanlı iş adamı,
eləcə də müvafiq dövlət qurumlarının, yerli hakimiyyət orqanlarının
və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak
edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























