Advertisement

BMT COP29-dan mühüm nəticələr gözləyir – Vladanka Andreyeva

Bakı. Trend:

BMT Azərbaycanın sədrliyi altında COP29-dan mühüm nəticələr
gözləyir.

Trend xəbər
verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka Andreyeva “GSMA M360 Eurasia 2024”
konfransında deyib.

“COP29-dan gözləntilər böyükdür. Buraya, həmçinin, iqlim
konfransına qoşulmuş 195 ölkə üçün yeni kollektiv maliyyə hədəfinin
razılaşdırılması, eləcə də istixana qazlarının emissiyalarının
azaldılmasındakı uğurları əks etdirən şəffaflığa dair hesabatların
qəbul edilməsi daxildir”, – deyə o bildirib.

Onun sözlərinə görə, COP29 hökumət, özəl sektor və elmi
ictimaiyyət ilə birlikdə Azərbaycanın iqlim ambisiyalarını
dəstəkləməyə və 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini
reallaşdırmağa imkan verəcək.

“Həmçinin, COP28-də əldə edilmiş razılaşmaların icrasını təmin
etmək və yadda saxlamaq lazımdır ki, ÇNL birdəfəlik tədbir deyil,
keçmiş COP28, gələcək COP29 və COP30 da daxil olmaqla, müxtəlif
ölkələrin sədrliyi ilə keçirilən bir neçə sessiyanı əhatə edən
uzunmüddətli prosesdir”, – deyə o əlavə edib.

Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda “M360 Eurasia 2024”
beynəlxalq konfransı keçirilir.

Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyici
qurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarının
rəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digər
iştirakçılar bir araya gəlib.

“M360 Eurasia” Bakıda ikinci dəfədir ki, keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun