
Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzinin tabeliyində Cahangir Cahangirov
adına Xorun “Ver sözə ehya” adlı konsert proqramı təqdim
olunub.
Trend xəbər verir ki, bəstəkarın xatirəsinə həsr olunan konsert
proqramında xor bu dəfə tamaşaçıların görüşünə fərqli repertuarla
gəlib.
Xorun bədii rəhbəri və dirijoru, Əməkdar müəllim Təranə Yusifova
tərtib etdiyi proqrama Ü.Hacıbəyli, Cahangir Cahangirov, Ramiz
Mustafayevin əsərləri ilə yanaşı, müasir işləmələr də əlavə
etmişdi.
Tədbirin aparıcısı Saleh Bağırov Azərbaycanda xorun yaranma
tarixi və inkişafı haqqında məlumat verdi. Müasir xor sənətimiz və
onu yaşadanlar xatırlandı.
Daha sonra xorun ifasında bir-birindən maraqlı repertuar təqdim
olundu. Xorun konsertinə dəstək verən Xalq artistləri Teyyub
Aslanov, Mehriban Zəki, Əməkdar artist Dilarə Əliyeva və ifaçı
Vasif Hüseyn muğam, poeziya və etno-caz səpkili duetləri ilə gecəni
daha da rövnəqləndiriblər. Konsertmeyster Əməkdar artist Nərgiz
Əliyevanın müşayiəti ilə xorun ifasında müasir dövrün yeni
işləmələri, xarici bəstəkarların əsərləri ilə sintez nömrələr də
səsləndi.
Gənc ifaçılar Nigar Cəlilova və Orxan Hüseyn solo ifaları ilə
xora dəstək oldular, xalq mahnılarımızdan parçalar, caz
imporivizələri ilə bəzədilər proqramı. Azərbaycan Milli
Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının Xoreoqrafiya
şöbəsi şagirdlərinin çıxışları da maraqla qarşılanıb.
Rejissor Mirsahib Qabiloğlunun quruluş verdiyi konsert
musiqi-poeziya və ifa nömrələrinin həmahəngliyi ilə yadda qaldı.
Məhəmməd Füzulinin və müasir dövr şairlərimizin muğam və musiqiyə
həsr olunan poeziya nümunələrinin xorun repertuarına uyğun seçilib
səslənməsi də tamaşaçıların böyük marağına səbəb oldu.
Xatırladaq ki, Azərbaycanda xor sənətinin yaranması və inkişafı
dahi bəstəkar Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Hazırda
Cahangir Cahangirovun adını daşıyan xor kollektivi 1936-cı ildə
Üzeyir bəy tərəfindən yaradılıb. Kollektivə bir müddət bəstəkarın
özü rəhbərlik edib, bir müddət sonra isə kollektivə rəhbərliyi gənc
bəstəkar Cahangir Cahangirova həvalə edib. Üzeyir bəy Azərbaycan
xalq mahnılarını xor üçün işləyərək gənc bəstəkarlara da bu işi
davam etdirməyi tövsiyə edib. Uzun illər Azərbaycan Televiziya və
Radiosunun musiqi kollektivi olmuş kollektivin sənət yolunda Xalq
artisti Ramiz Mustafayevin də böyük əməyi var. O, 50-ci illərdən
ömrünün sonunadək xorun bədii rəhbəri olub.
Xatırladaq ki, Nazirlər Kabinetinin 31 oktyabr 2023-cü il
tarixli qərarı ilə Cahangir Cahangirov adına Xor ştat vahidləri ilə
birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam
Mərkəzinə verilib.
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az





























