
Bakı. Trend:
COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar
Babayev ölkənin kommersiya banklarını portfellərində “yaşıl”
kreditləri nəzərdə tutmağa və iqlim siyasətinə riayət etməyə
çağırıb.
Trend xəbər
verir ki, Muxtar Babayev bununla bağlı “Ambisiyaların artırılması
və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu”nda
danışıb.
“Banklar düşünülmüş iqlim siyasəti həyata keçirməli və iqlim
komponentlərini və məsuliyyət tədbirlərini öz portfellərinə daxil
etməlidir. Bu, uzunmüddətli perspektivi hədəfləyir”, – nazir
deyib.
Onun sözlərinə görə, “yaşıl” layihələrin maliyyələşdirilməsi
üçün xüsusi növ kreditlər və mexanizmlər lazımdır və banklar bu
istiqamətdə fəliyyət göstərməlidir.
“Banklar “yaşıl” kreditləri ətraf mühitin mühafizəsinə yönələn
layihələrə təklif etməlidir. Onlar beynəlxalq praktikanı tətbiq
etməlidir. Banklar hökumət və Mərkəzi Bankın simasında buna şərait
yaratmağa hazırdır”, – deyə M.Babayev bildirib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























