Advertisement

Azərbaycan şirkətlərin enerji keçidini maliyyələşdirməsinə kömək etmək üçün bütün maraqlı tərəflərlə işləməyə hazırdır

Bakı. Trend:

Azərbaycan hökuməti şirkətlərin enerji keçidini
maliyyələşdirməsinə kömək etmək üçün bütün maraqlı tərəflərlə
işləməyə hazırdır.

Trend xəbər
verir ki, bu barədə bu gün iqtisadiyyat nazirinin müavini Sahib
Məmmədov “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29
Dayanıqlı biznes forumu”nda deyib.

“COP29-un əsas mövzusu iqlim maliyyələşdirməsidir. Biz biznesə
imkan yaratmaq istiqamətində işləyirik. Lazımi qanunlar qəbul
edilib, müxtəlif tədbirlər həyata keçirilir, vergi və gömrük
sahələrində mütərəqqi addımlar atılıb”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq maliyyə təşkilatları bizneslə
qarşılıqlı əlaqədə mühüm tərəfdaşlardır.

“İqlim gündəliyinə riayət prosesinə özəl investisiyaların cəlb
edilməsinə imkan yaradıması əsas prioritetlərimizdən biridir.
Azərbaycan hökumətinin Milli Prioritetləri və sosial-iqtisadi
inkişaf Strategiyası ilə qarşıya qoyduğu hədəflər qlobal “yaşıl”
gündəliyə uyğundur”, – deyə nazir müavini bildirib.

Nazir müavini bildirib ki, Azərbaycanda bərpa olunan enerji
mənbələrinin potensialından səmərəli istifadə etmək məqsədilə ölkə
qanunvericiliyi mütəmadi olaraq dinamik iqtisadi tendensiyalara
adaptasiya olunur.

“Ölkə iqtisadiyyatına yeni texnologiyaların və innovasiyaların
cəlb edilməsi, investisiyalar üçün əlverişli şəraitin yaradılması
və digər mühüm məsələlər səmərəli şəkildə tənzimlənir. Bundan
başqa, “Dövlət-özəl tərəfdaşlğı haqqında” və “Elektrik enerjisi
istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”
qanunların qəbulu da müvafiq sahələrə investisiyaların cəlb
edilməsi üçün böyük əhəmiyyət kəsb edir”, – S. Məmmədov deyib.

Onun sözlərinə görə, “yaşıl” iqtisadiyyatın
stimullaşdırılmasında vergi siyasətinin rolunu nəzərə alaraq, bərpa
olunan enerji mənbələrinə investisiyaların dəstəklənməsi məsələsi,
eləcə də istehsalat sektorunda “karbon izi”nin azaldılmasına
yönəlmiş siyasət həyata keçirilir.

“Biznes mühiti müasir infrastruktur sayəsində formalaşır, yerli
şirkətlərimiz inkişaf edir və “yaşıl” iqtisdiyyatın artımına imkan
yaradır”, – o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun