Advertisement

BEM iqlim dəyişmələri ilə mübarizədə ən mühüm vasitələrdir – Tahir Mirkişili

Bakı. Trend:

Bərpa olunan enerji mənbələri (BEM) iqlim dəyişmələri ilə
mübarizədə ən mühüm vasitələrdir.

Trend xəbər
verir ki, bu barədə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Ambisiyaların
artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu”nda
deyib.

“Fikrimcə, bərpa olunan enerji mənbələri iqlim dəyişmələri ilə
mübarizədə ən mühüm vasitədir. Enerji saxlama sistemləri kimi
texnologiyalar bərpa olunan enerji mənbələrindən istifadənin
genişləndirilməsi üçün həlledici əhəmiyyət kəsb edəcək. Bu
sistemlər müxtəlif texnologiyaları tətbiq etməklə inteqrasiya oluna
bilər ki, bu da enerji infrastrukturunun səmərəliliyini və
dayanıqlığını əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək”, – o
deyib.

O, həmçinin tullantıların utilizasiyasının iqlim problemləri ilə
mübarizədə mühüm məsələ olduğunu qeyd edib. Onun sözlərinə görə,
tullantı poliqonları karbon qazı emissiyalarının mənbəyi
olduğundan, emissiyaların azaldılmasına kömək edəcək müvafiq
texnologiyaların tətbiqi kritik əhəmiyyət kəsb edir.

“Dayavmlı torpaq idarəetməsi və kənd təsərrüfatı da böyuk önəm
daşıyır. Elmi araşdırmalar göstərir ki,fermer təsərrüfatlarında
müasir texnologiyaların tətbiqi istixana qazlarının emissiyasını
əhəmiyyətli dərəcədə azalda bilər”, – deyə o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun