
Bakı. Trend:
Ələt Azad İqtisadi Zonası (AFEZ) bərpa olunan enerji mənbələri
(BEM) üçün avadanlıq istehsal edən şirkətləri AİZ-də müəssisələr
təşkil etməyə dəvət edir.
Trend xəbər
verir ki, bu barədə bu gün AFEZ-in İdarə Heyətinin sədri Valeh
Ələsgərov “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29
Dayanıqlı biznes forumu”nda deyib.
“AFEZ-də günəş panelləri, külək elektrik stansiyaları üçün
detallar və avadanlıq, eləcə də BEM üçün komponentlər istehsal edən
digər şirkətləri xoş qarşılayırıq”, – o deyib.
Onun sözlərinə görə, perspektiv investorlar üçün cəlbedici məqam
2026-cı ilin birinci yarısında AFEZ ərazisində yük hava limanının
istismara verilməsi olub.
Başlanğıc mərhələdə hava limanındakı yük terminalları AİZ-dən
500 min ton yükün daşınmasına imkan verəcək, gələcəkdə isə bu həcm
ildə təqribən 1,5 milyon tonadək artırılacaq.
“AFEZ Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin
kəsişməsində yerləşir. Bu, AFEZ-in mühüm xüsusiyyətidir”, – deyə o
qeyd edib.
Onun sözlərinə görə, artıq AFEZ-də fəaliyyət göstərən şirkətlər
bütün qlobal iqlim standartlarına cavab verir və ekoloji
təhlükəsizlik məsələlərinə ciddi yanaşır.
AFEZ İdarə Heyətinin sədri həmçinin AİZ ərazisində “yaşıl”
sertifikatların fəaliyyətə başlayacağını bildirib.
“Bu ərazidə güzəştli gömrük və vergi rejimi mövcuddur”, – deyə o
əlavə edib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev 2020-ci il mayın 22-də Bakı şəhərinin Qaradağ rayonunda Ələt
Azad İqtisadi Zonasının yaradılması və fəaliyyətinin təşkili
haqqında sərəncam imzalayıb.
AİZ 2022-ci ilin iyul ayından “Ələt Azad İqtisadi Zonası”
haqqında qanuna əsasən fəaliyyətə başlayıb.
AFEZ-in yaradılması ölkənin qeyri-neft sektoruna yerli və xarici
investisiyaların həcminin artırılmasına yönəlib. Qanunvericilik
AİZ-də çalışan əcnəbi ixtisaslaşmış personalı gəlir vergisi, sosial
sığorta ödənişləri və digər bu kimi vergi və ödənişlərdən azad
edir.
AİZ-dəki şirkətlər bütün gömrük və vergilərdən, o cümlədən
istənilən məhsul və xidmətlərin xaricə ixracına görə ƏDV-dən azad
olunurlar.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























