Bakı. Trend:
Azərbaycanda atmosferə buraxılan tullantıların 12,8 faizi kənd
təsərrüfatı sektorunun payına düşür.
Trend xəbər
verir ki, bu barədə bu gün Kənd Təsərrüfatı Nazirliyinin aparat
rəhbəri Azad Cəfərli “Ambisiyaların artırılması və fəaliyyətə
təkan: COP-29 Dayanıqlı biznes forumu”nda deyib.
“Bu, atmosferə buraxılan 62,4 milyon ton tullantının 8 milyon
tonu deməkdir”, – o deyib.
N.Cəfərli qeyd edib ki, Azərbaycanda digər sektorlarla yanaşı,
kənd təsərrüfatı sektoru da iqlim dəyişmələrinin nəticələri ilə
əlaqədar olaraq mühüm risklərlə üzləşə bilər.
O əlavə edib ki, iqlim dəyişikliyi kənd təsərrüfatına təsir
göstərir, lakin kənd təsərrüfatı da öz növbəsində iqlimə təsir
edir.
“Bundan başqa, iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri
problemləri də ölkəmiz üçün aktualdır. Qeyd etmək lazımdır ki,
ölkəmizdə 1,5 milyon hektara yaxın suvarılan torpaq sahəsi var və
kənd təsərrüfatında müasir suvarma sistemlərinin istifadəsi təşviq
olunur”, – o deyib.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu
ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar
COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında
qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək
və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim
sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci
ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində
imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun
ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.
Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli
qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci
ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində
yerləşir.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























