Bakı. Trend:
İran prezidenti, qardaşım cənab İbrahim Rəisi və onun rəhbərlik
etdiyi nümayəndə heyətinin helikopter qəzasına düşməsi bizi çox
kədərləndirdi.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb
Tayyıb Ərdoğan öz “X” səhifəsində bildirib.
“Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından, İran hakimiyyəti
ilə tam təmasda və koordinasiyada izlədiyimizi və lazım olan hər
cür dəstəyi verməyə hazır olduğumuzu bildirmək istərdim.
Qonşumuz, dostumuz və qardaşımız olan İran xalqına və hökumətinə
xalqım adından ən xoş arzularımı çatdırır və ən qısa zamanda cənab
Prezident və onun nümayəndə heyətindən xoş xəbər alacağıma ümid
edirəm”, – deyə Türkiyə Prezidenti bildirib.
Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər
naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə
nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin
valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin
sərt eniş etdiyi bildirilir. Hələlik hava şəraiti, relyef
çətinliyinə görə, axtarış əməliyyat qrupları hadisə yerinə çata
bilməyiblər.





























