
Cəbrayıl. Trend:
Cəbrayıl rayonuna media-tur təşkil olunub. Media nümayəndələri
Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı
kəndlərində olublar.
Trend-in Qarabağ bürosu xəbər verir ki, Cəbrayıl, Qubadlı və
Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva
jurnalistlərə açıqlamasında bildirib ki, Birinci mərhələdə Cəbrayıl
rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinə
ümumilikdə 3 min 193 sakin köçürüləcək.
“Birinci mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün
149 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş
otaqlı olacaq. Baş plana əsasən kəndin ümumi sahəsi 362 hektar
təşkil edir. 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və
bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib. Burada
inzibati bina, klub-icma mərkəzi, çoxfunksiyalı bina, idman və
ailə-sağlamlıq mərkəzləri, mərasim evi, bazar kompleksi və digər
qeyri-yaşayış obyektlərinin tikintisi nəzərdə tutulur. Həmçinin
Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki məktəb
və beş uşaq bağçası inşa olunacaq. 2026-cı ilədək dövrü əhatə edən
“Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci
mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır”.
Daha sonra İ.Rzayeva media nümayəndələrinə Prezident İlham
Əliyev bir neçə gün əvvəl təməlini qoyduğu Karxulu kəndində
haqqında məlumat verib.
Bildirib ki, 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313
hektar təşkil edir və bu müddət ərzində kənddə 4428 sakin üçün 940
fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi,
eləcə də tikintisi nəzərdə tutulur: “Kənddə inzibati bina,
klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət
xidməti binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq. Bundan
başqa, Baş plana müvafiq olaraq, kənddə əhalinin tələbatına uyğun
iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək. 2026-cı ilədək
dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq
olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 125
hektardır. Bu mərhələdə 691 sakin üçün 145 fərdi evin
layihələndirilməsi və tikintisi nəzərdə tutulub”. İ.Rzayeva
Sarıcallı kəndinin baş planında ümumi sahəsinin 330 hektar təşkil
etdiyini də vurğulayıb: “Burada inzibati bina, klub-icma, ailə və
idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası,
yanğınsöndürmə deposu, aqrotexniki park, mərasim evi, kənd bazarı,
kiçik sahibkarlıq obyektləri tikiləcək. Bundan başqa, əhalinin
tələbatına uyğun iki tam orta məktəb və 4 uşaq bağçasının
layihələndirilməsi də nəzərdə tutulur. Ümumiyyətlə, bu yaşayış
məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət
mərkəzində olacaq. “2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa
dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə
layihələndirilən ərazinin sahəsi isə 104 hektardır. Bu mərhələdə
kəndə 1 016 sakinin köçürülməsi üçün 242fərdi ev inşa
olunacaq”.
Qurum rəsmisi onu da deyib ki, 2040-cı ilədək Maşanlı kəndinin
layihələndirilən ərazisi 157,54 hektar olacaq. “Həmin müddətdə
kənddə 2360 sakin üçün 590 fərdi evin layihələndirilməsi, eləcə də
tikintisi nəzərdə tutulub. Kənddə əhalinin məşğulluğunun təmin
edilməsi üçün də hər cür şərait yaradılacaq. Bu kənddə də inzibati
bina, klub-icma, idman sağlamlıq mərkəzləri, həkim məntəqəsi,
mərasim evi, bazar kompleksi, ticarət, ictimai-iaşə, kiçik
sahibkarlıq obyektlərinin layihələndirilməsi planlaşdırılır. Baş
plana əsasən, kənddə tam orta məktəb üçün bina və iki uşaq
bağçasının tikintisi nəzərdə tutulub. “Böyük Qayıdışa dair I Dövlət
Proqramı”na əsasən burada məskunlaşacaq əhalinin yaşayış yükü
nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 50
hektar yer ayrılıb. Bu mərhələdə 944 sakin üçün 236 fərdi ev
tikiləcək”.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 18-də Cəbrayıl
rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin
təməlini qoyub.





























