Advertisement

Türk Universitetlər Birliyinin təsisçilərindən olan AzMİU və Atatürk Universitetləri arasında əlaqələr genişlənir (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə
Türkiyənin Atatürk Universiteti arasında əməkdaşlıq memorandumu
imzalanıb.

Memorandum Atatürk Universitetinin rektoru professor Ömer
Çomaklının Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş
Assambleyasının iclasında iştirakı üçün ölkəmizə səfəri
çərçivəsində AzMİU-da imzalanıb.

İmzalanma mərasimində çıxış edən rektor professor Gülçöhrə
Məmmədova rektor Ömer Çomaklı və rektorun müşaviri Ali Güllüceni
salamlayıb, onları AzMİU-da görməkdən məmnunluğunu ifadə edib.

AzMİU ilə Atatürk Universiteti arasında TÜRKÜNİB çərçivəsində
əməkdaşlığın mövcud olduğunu qeyd edən rektor, birliyin yaranma
tarixini xatırladıb: “Bu gün şərəflə deyə bilərik ki, AzMİU
TÜRKÜNİB-in yaranmasında iştirak edən ilk universitetlərdəndir. O
zaman qurumun yaranmasında Azərbaycandan üç universitet, o cümlədən
AzMİU da iştirak edib. Düzdür, əvvəllər birlik çərçivəsində sıx
əməkdaşlıq olmadı, lakin son dönəmlər Türk dövlətlərinin
əlaqələrinin daha da yaxınlaşması, xüsusilə Azərbaycan və Türkiyə
Prezidentlərinin bu istiqamətdə səyləri TÜRKÜNİB-in də inkişafı
üçün əlverişli mühit formalaşdırıb. Ümidvaram ki, qurumun inkişafı
AzMİU və Atatürk Universitetləri arasında bugünədək olan əlaqələri
daha da inkişaf etdirəcək, ölkələrimiz, ümumilikdə Türk dünyası
üçün mühüm layihələrin icrası ilə nəticələnəcək”.

Atatürk Universitetinin rektoru professor Ömer Çomaklı görüş
üçün təşəkkürünü bildirib, 20 il öncə yaranmış bu birliyin
əməkdaşlıq məsələlərindən, bugünədək həyata keçirilən işlərdən,
gözləntilərindən danışıb. AzMİU və Birlik ilə əlaqələrin daha da
inkişaf etdirilməsini hədəflədiyini vurğulayıb: “TÜRKÜNİB-in
yaranmasında Azərbaycandan AzMİU kimi Türkiyədən də Atatürk
Universiteti ilk təsisçilərdən olub. Bu mənada birliyin inkişafı
bizim üçün daha da əlamətdardır. Hesab edirəm ki, əməkdaşlığımızın
genişlənməsi, daha da inkişaf etdirilməsi üçün əngəllər aradan
qalxıb, əksinə əlverişli mühit formalaşıb. Qarşılıqlı səfərlər və
ortaq layihələrlə ölkələrimizə və Türk dünyası üçün faydalı işlər
görə biləcəyimizə inanıram”.

Çıxışlarda ortaq tədqiqat, ortaq elmi məqalələrin yayını, ortaq
patentin alınması və bir-birinə dəstək olmaqla beynəlxalq reytinqin
yüksəldilməsi məsələlərinə də toxunulub. Bundan əlavə, AzMİU və
Atatürk Universitetləri arasında ikili diplom müqaviləsi
layihələrinin hazırlanması ilə bağlı şifahi razılıq əldə
olunub.