Advertisement

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Dünyanın qayğısına qal” adlı layihə həyata keçirilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Yaşıl dünya naminə
həmrəylik ili”nə həsr olunmuş “Dünyanın qayğısına qal” adlı layihə
təqdim edilib.

Tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları,
diplomatik korpusun nümayəndələri və b. iştirak edib.

İştirakçılar layihə çərçivəsində DOST İnklüziv İnkişaf və
Yaradıcılıq Mərkəzinin benefisiarları olan həssas qruplara aid
şəxslərin və Mərkəzin təlimçilərinin istifadəyə yararlı olmayan
məhsullardan, eko və bio materiallardan hazırladıqları 50-dək əl
işindən ibarət sərgi ilə tanış olublar. Floristika, dulusçuluq,
təsviri incəsənət, vitraj, bədii oyma növlərində ərsəyə gətirilmiş
sənət nümunələri tədbir iştirakçıları tərəfindən maraqla
qarşılanıb.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri
Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin
mühüm istiqamətlərindən biri olaraq, həssas əhali qruplarının
sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımların
atıldığını qeyd edib. Həmin qruplara aid şəxslərin yaradıcı
potensialının dəstəklənməsi sahəsində də ardıcıl işlərin aparıldığı
diqqətə çatdırılıb.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın
təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq
Mərkəzi əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər
həssas qruplardan olan insanların yaradıcılıq bacarıqlarının
inkişafına və onların cəmiyyətə inteqrasiyasına dəstək məqsədinə
xidmət edir. Burada benefisiarlar rəqs, təsviri incəsənət,
dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, toxuma və tikmə, bədii
oyma və s. istiqamətlər üzrə təlimlərdə iştirak edərək
bacarıqlarını təkmilləşdirirlər.

“Dünyanın qayğısına qal” adlı layihə çərçivəsində Mərkəzin
benefisiarları və təlimçilərinin əl işlərindən ibarət sərgi və moda
kolleksiyası, konsert proqramı nümayiş etdirilib.

Mərkəzdə təlim alan həssas qruplardan olan şəxslər, həmçinin
“İnklüziv DOST” könüllüləri ilk dəfə səhnədə model kimi
bacarıqlarını göstəriblər. Mərkəzin istedadlı musiqiçiləri İnklüziv
Ansamblın müşayiəti ilə dünya və Azərbaycan musiqisinin sevilən
nümunələrini, retro mahnıları ifa ediblər.

Qonaqlar Mərkəzin fəaliyyəti və yaradıcılıq studiyaları, təlim
prosesi ilə tanış olublar.

Layihənin təşkilində məqsəd həssas əhali kateqoriyalarından olan
şəxslərin “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə olaraq ətraf
mühitin yaxşılaşdırılması prosesində iştirakını təmin etmək,
onların diqqətini ekoloji məsələlərə yönəltməkdir.