
Bakı. Trend:
“Gələcəyinin memarı ol” devizi altında Azərbaycan Memarlıq və
İnşaat Universitetinin (AzMİU) Təbliğat-təşviqat qrupunun üzvləri
Sumqayıt məktəbliləri ilə görüşüb.
AzMİU-nun təbliğat-təşviqat kampaniyası çərçivəsində Sumqayıt
şəhəri Heydər Əliyev Mərkəzində gerçəkləşən görüşdə universitet
təmsilçiləri yuxarı sinif şagirdlərinə AzMİU-da tədris mühiti, onun
üstünlükləri və perspektivləri, ali təhsil ocağında tələbələrə
yaradılan şərait, iş və təcrübə imkanları, beynəlxalq əlaqələr,
ikili diplom layihələri ətrafında dolğun və əhatəli informasiyalar
verib, onların suallarını cavablandırıblar.
Prorektor Orxan Naqdiyev gələcək tələbələrlə ünsiyyət zamanı
yüksəkixtisaslı memarlar, inşaatçılar, mühəndislər yetişdirən
AzMİU-ya qəbul qaydaları, ixtisasların gələcək karyera
imkanlarından söhbət açıb. Ölkəmizdə aparılan sürətli
tikinti-quruculuq işləri fonunda tələb görən bu ixtisaslara maraq
göstərməyə səsləyib.
İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev, Tələbə Həmkarlar
İttifaqı Komitəsinin sədri Şahmar Rəfili də çıxışlarında AzMİU-nu
seçməyin məktəblilərə qazandıracağı üstünlükləri nəzərə çatdırıb,
universitetin ixtisasları, fakültələri, təhsil imkanlarından bəhs
ediblər.
AzMİU-nun tanıtım videoçarxı nümayiş olunub, Özfəaliyyət
Klubunun üzvlərinin ifasında musiqi nömrələri təqdim olunub.
Qeyd edək ki, ixtisas seçimində çətinlik çəkən şagirdlərə dəstək
məqsədi daşıyan görüşlər paytaxt və bölgələrdə yaşayan məktəbliləri
AzMİU barədə məlumatlandırmaq, universitetin ixtisaslarına marağı
artırmaq, öz gələcək tələbələrini onlar arasından seçməyi
hədəfləyir.





























