
Bakı. Trend:
Şimal bölgəsində təlim-məşq toplantısını davam etdirən
Azərbaycan Milli Amputant Futbol Komandası və Türkiyənin ODTÜ
Amputant Futbol Klubu Xaçmaz rayonunun Qoçaqlı kənd stadionunda
yoldaşlıq görüşü keçirib.
Görüş yerli sakinlər tərəfindən maraqla izlənilib. Xaçmaz Rayon
İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba- Xaçmaz Regional
Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, yerli hüquq
mühafizə orqanlarının rəhbərləri də yoldaşlıq oyununu izləyənlər
sırasında olub. Matçdan əvvəl hər iki komandanın üzvləri görüşən
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev onlara qarşıdakı
Avropa çempionatında uğurlar arzulayıb.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun 2:2
hesabı ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan Milli Amputant Futbol Komandası 1-8
iyun 2024-cü il tarixlərində Fransanın Evian şəhərində təşkil
olunacaq Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanıb.
İşğaldan azad edilmiş ərazilərimizdə düşmən tərəfindən basdırılan
minaların partlaması nəticəsində xəsarət alan şəxslərdən ibarət
komandamız Avropa çempionatının final mərhələsində ilk dəfə iştirak
edəcək. 16 komandanın mübarizə aparacağı final mərhələsində Dünya
çempionu Türkiyə ilə yanaşı İngiltərə, Fransa, İspaniya, İtaliya,
Almaniya və Polşa kimi güclü millilər iştirak edəcək.





























