Advertisement

Azərbaycan yaşıl enerjiyə keçid istiqamətində planlarını təxirə salmadan irəliləyir – RƏY

Bakı. Trend:

Azərbaycan yaşıl enerjiyə keçid istiqamətində plan və
hədəflərini təxirə salmadan irəliləyir.

Bunu Trend-ə açıqlamasında ekoloq Elman Zeynalzadə deyib.

Onun sözlərinə görə, bərpa olunan enerji sahəsinin xarici
investisiya hesabına inkişafı artıq reallıqdır.

“Bu gün qarşıda duran əsas məsələlərdən biri məhz yaradılacaq
yeni istehsal güclərinin şəbəkəyə inteqrasiyasını təmin etməklə
bərabər ixrac bazarlarının müəyyənləşdirilməsidir”, – o əlavə
edib.

Ekoloq bildirib ki, işğaldan azad edilən ərazilərin “yaşıl
enerji” zonasına çevrilməsi ölkəmizin əsas istiqamətlərindən biri
hesab olunur.

“Həmim ərazilərin kifayət qədər bərpa olunan enerji potensialına
malik olması bu sahəni inkişaf etdirməyə imkan verir. Qarabağ və
Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvan bölgəsi Azərbaycanda
“yaşıl enerji” zonaları elan edilib. Həmin bölgələrdə “yaşıl
enerji” mənbələrinin yaradılması çox faydalı olacaq.

Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək
enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının
isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu
ərazilərdə formalaşır.

Azad edilmiş ərazilərdə günəş enerjisi potensialı Füzuli,
Cəbrayıl, Zəngilan rayonlarının payına düşür.
Külək enerjisi potensialı isə Laçın, Kəlbəcərin dağlıq ərazilərində
daha çox müşahidə olunur. Azad edilmiş ərazilərimizdə böyük və
digər kiçik çaylar da hidroenerji potensialına malikdir. Bunlara
misal olaraq Həkəri, Bərgüşad kimi çayları göstərmək olar”,- deyə o
qeyd edib.