
Bakı. Trend:
Baş prokuror Kamran Əliyevin dəvəti ilə İtaliya Respublikasının
Ali Kassasiya Məhkəməsinin Baş prokuroru Luici Salvatonun rəhbərlik
etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Trend xəbər verir ki, ilk öncə nümayəndə heyəti Fəxri Xiyabana
gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla
yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq
alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.
Qonaqlar, həmçinin Şəhidlər xiyabanına gedərək, Azərbaycanın
müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından
keçmiş Vətən övladlarının xatirəsini anıblar.
Baş Prokurorluqda keçirilmiş görüşdə qonaqları səmimi salamlayan
Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin və İtaliya Respublikasının Prezidenti cənab Sercio
Mattarellanın siyasi iradələri sayəsində ölkələrimiz arasında
tarixən mövcud olan əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək
hüquqi əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulayıb.
Baş prokuror dövlət başçısının həyata keçirdiyi strateji kursun
və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkəmizdə hüquq
qaydasının möhkəmləndirilməsi və qanunun aliliyinin təmin olunması
istiqamətində aparılan islahatlar, həmçinin Müzəffər Ali Baş
Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam
şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə
Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı, bu
prosesdə italyan şirkətlərinin də yaxından iştirak etdiyi barədə
həmkarına məlumat verib.
Kamran Əliyev prokurorluq orqanlarının rəqəmsallaşması və bu
sahədə aparılan islahatlara toxunaraq, müasir tələblərə cavab verən
“Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti barədə
danışıb.
Səfərə dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirən Luici
Salvato ölkəmizin dinamik inkişafının canlı şahidi olmaqdan məmnun
olduğunu bildirib. Qonaq prokurorluq orqanlarımız arasında
əlaqələrin qurulmasında maraqlı olduqlarını qeyd edib.
Luici Salvato ölkələrimizin tərəfdar çıxdığı beynəlxalq
konvensiyalar çərçivəsində cinayətkarlığa qarşı mübarizədə hüquq
mühafizə orqanlarımız arasında əməkdaşlığın müvəffəqiyyətlə həyata
keçirildiyini vurğulayıb.
İtaliyanın Baş prokuroru Azərbaycan Respublikasının 12 noyabr
1995-ci ildə qəbul edilmiş Konstitusiyasının insan hüquq və
azadlıqlarının qorunması, demokratiya və qanunun aliyininin
təminatı olduğunu bildirib.
Baş prokuror Kamran Əliyev dünyanın ən mötəbər beynəlxalq
tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının –
COP29-un, cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq
Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi
yığıncağının ölkəmizdə keçiriləcəyini bildirib.
Görüşdə İtaliyanın ölkəmizdəki Səfirliyinin müşaviri Rikardo
Kursi iştirak edib.
Daha sonra baş prokurorlar ölkələrimiz arasında hüquqi
əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da
intensivləşdirilməsi məqsədilə Əməkdaşlığın inkişaf etdirilməsi
haqqında Anlaşma Memorandumu imzalayıblar.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.





























