Bakı. Trend:
«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın
tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları
Ədilov Tural Cəlil oğlu, Səfərov Məmmədbağır Qarsalan oğlu və
Ağayev Oqtay Sabir oğlunun ekstradisiyaları haqqında Baş
Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu
tərəfindən təmin edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, Ədilov Tural Cəlil oğlunun xuliqanlıq niyyəti ilə qəsdən
sağlamlığa az ağır zərər vurma cinayətini, Səfərov Məmmədbağır
Qarsalan oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etmə,
saxlama və ya satmanı təşkil etmə cinayətini, Ağayev Oqtay Sabir
oğlunun isə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə
cinayətini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən,
barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında
qərarlar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə
görə beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində
saxlanılaraq 23.05.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar
Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana
gətiriliblər.





























