
Bakı. Trend:
Nizami rayonunda narkokuryerlər saxlanılıb. Onlardan 10 kiloqram
marixuana, heroin, metamfetamin və 45 ədəd çətənə kolu
aşkarlanıb.
Trend xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin (RPİ)
Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları narkotik
vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması
istiqamətində əməliyyat keçirib. Tədbir nəticəsində əvvəllər məhkum
olunmuş 1995-ci il təvəllüdlü Azər Əliyevin üzərindən və idarə
etdiyi avtomobildən 5 kiloqram marixuana, heroin, metamfetamin və
45 ədəd çətənə kolu aşkarlanıb.
Həyata keçirilən digər əməliyyat zamanı paytaxt sakini 1985-ci
il təvəllüdlü Valeh Həsənov da narkotiklərin qanunsuz dövriyyəsində
şübhəli bilindiyi üçün saxlanılıb. Həmin şəxsdən satmaq niyyəti ilə
əldə etdiyi 5 kiloqram marixuana aşkar olunub.
A.Əliyev və V.Həsənov şəxsiyyəti istintaqla araşdırılan və
sosial şəbəkələrdə tanış olduqları əcnəbi ölkə vətəndaşları
tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onlar
narkotikləri maddi qazanc müqabilində deyiləcək ünvanlara
yerləşdirməli imişlər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.





























