Advertisement

Paşinyan Qazaxla sərhəddə yerləşən kəndlərdə sakinlərlə görüş keçirir

Bakı. Trend:

Ermənistan Baş naziri Nikol Paşinyanın Qazaxla sərhəddə yerləşən
Bağanis kəndinin sakinləri ilə görüşü yekunlaşıb.

Trend xəbər verir ki, bu
barədə erməni “Telegram” kanalları məlumat yayıb.

Qeyd olunur ki, hazırda o, Voskepar istiqamətinə gedib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan
Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara,
Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin
etmək məqsədilə, 19 aprel 2024-cü il tarixində Azərbaycan
Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası
və Azərbaycan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə
Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb.

Bildirilir ki, qeyd olunan Protokolun həyata keçirilməsi
məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya
ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılmış və müvafiq sərhəd
xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl
işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib.

15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və
Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti
9-cu görüşü keçirilmiş, sözügedən Texniki Protokol razılaşdırılmış
və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.

Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti
müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax
rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və
Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması
təmin edilib.

Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım,
Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə
götürülüb.