Bakı. Trend:
Ermənistan Azərbaycanla sərhədin Voskepar kəndi yaxınlığındakı
delimitasiya olunmuş hissəsində sərhədçilər üçün müşahidə
məntəqələrinin tikintisinə başlayıb.
Trend erməni KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyana
Voskepar kəndindəki Müqəddəs Məryəm kilsəsini ziyarət etdiyi zaman
məruzə olunub.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının
Baş Qərargah rəisi Edqar Unanyan baş nazirə kilsənin arxasındakı
dərədə yerləşən sərhəd sütunlarından birini göstərərək Ermənistan
tərəfinin artıq sərhədçilər üçün müşahidə məntəqələrinin
tikintisinə başladığını qeyd edib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Qazaxla
sərhəddə yerləşən Bağanis kəndinin sakinləri ilə görüşüb. Daha
sonra Voskepar istiqamətinə gedib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan
Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara,
Xeyrımlı və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin
etmək məqsədilə, 19 aprel 2024-cü il tarixində Azərbaycan
Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası
və Azərbaycan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə
Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb.
Bildirilir ki, qeyd olunan Protokolun həyata keçirilməsi
məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya
ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılmış və müvafiq sərhəd
xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl
işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib.
15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və
Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti
9-cu görüşü keçirilmiş, sözügedən Texniki Protokol razılaşdırılmış
və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti
müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax
rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və
Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması
təmin edilib.
Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım,
Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə
götürülüb.





























